ARTİ təkmilləşdirilməkdə olan biologiya fənn kurikulumunun müzakirəsini təşkil edib

Tarix: 16.02.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutu fevralın 10-da təkmilləşdirilməkdə olan biologiya fənn kurikulumunun müzakirəsini təşkil etmişdir. Bu müzakirədə Dövlət İmtahan Mərkəzinin, AMEA-nın Fiziologiya, Botanika, Zoologiya İnstitutlarının, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Xəzər Universitetinin uyğun ekspertləri iştirak etmişdir.

Görüşün əvvəlində qardaş ölkədə baş verən zəlzələ nəticəsində vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Təhsil İnstitutunun direktoru Rüfət Əzizov giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlamış, məzmun sahəsində aparılan islahatlar haqqında qısa məlumat vermişdir. Daha sonra Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi haqqında məlumat verərək işçi qrupunu auditoriyaya təqdim etmişdir.

İşçi qrupunun üzvü Rəşad Səlimov müzakirənin davamında təkmilləşdirilməkdə olan biologiya fənn kurikulumundakı yeniliklər barədə iştirakçıları məlumatlandırmışdır. Təqdimat bitdikdən sonra iştirakçıların rəy və təklifləri dinlənilmiş və görüş qarşılıqlı diskussiya formatında davam etdirilmişdir. Ekspertlərin əksəriyyəti yenilənmiş məzmunun uğurunun gələcəkdə bu məzmunun dərsliklərdə düzgün ehtiva olunmasından və bu fənni tədris edən müəllimlərin peşəkarlıq səviyyəsindən asılı olduğunu xüsusilə vurğulamışlar. Onlar həmçinin, hazırlanmaqda olan məzmunun siniflər üzrə paylanılmasına, cari kurikulumla müqayisədə yüngülləşdirilməsinə və təhsildə qabaqcıl ölkələrin kurikulumlarına, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədlərinə uyğunlaşdırılmasına müsbət rəy bildirmişlər. Görüşün sonunda Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva müzakirə olunan əsas məqamlara öz fikirlərini əlavə etmiş və bu prosesin böyük təhsil islahatlarının bir parçası olduğunu vurğulamışdır.