Təhsil İnstitutu təkmilləşdirilməkdə olan riyaziyyat fənn kurikulumunun müzakirəsini təşkil edib

Tarix: 21.02.2023
Paylaş:

Təhsil İnstitutu fevralın 14-də təkmilləşdirilməkdə olan riyaziyyat fənn kurikulumunun müzakirəsini təşkil etmişdir.

Bu müzakirədə Dövlət İmtahan Mərkəzinin, Riyaziyyat və Mexanika İnstitutunun, ADNSU, Bakı Dövlət Universitetinin, Bakı Mühəndislik Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Xəzər Universitetinin riyaziyyat üzrə ekspertləri iştirak etmişdir.

Görüşün əvvəlində Türkiyədə baş verən zəlzələ nəticəsində vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İnstitutun direktor müavini Ülkər Babayeva giriş nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlamış, məzmun sahəsində aparılan islahatlar haqqında qısa məlumat vermişdir. Daha sonra Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi və yeniliklər barədə iştirakçıları məlumatlandırmışdır. Müzakirədə həmçinin Türkiyəli konsultant Kürşat Erbaş da onlayn iştirak edərək görülən işlərə münasibət bildirmiş və bəzi sualları cavabladırmışdır.

Ekspertlər təkmilləşdirmə zamanı cari kurikulumların qabaqcıl ölkələrin kurikulumlarının, TIMSS və PISA kimi beynəlxalq qiymətləndirmə tədqiqatlarının çərçivə sənədləri ilə müqayisəli təhlilini müsbət qiymətləndirmişlər. Görüşdə tədrisin keyfiyyətini artırmaq üçün riyaziyyat fənni üzrə kurikulumun məzmununun təkmilləşdirilməsinin əhəmiyyəti ilə yanaşı, dərsliklərin hazırlanmasının və ümumtəhsil məktəbləri üçün kadr hazırlığının, o cümlədən orta məktəblərdə hal-hazırda riyaziyyat fənnini tədris edən müəllimlərin peşəkarlıqlarının artırılmasının vacibliyini də qeyd etmişlər.