ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.
94 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin müəllimi Mətanət Haqverdiyeva IV sinif ingilis dili dərsliyində olan “At the Zoo” mövzusunda icmal təqdim edib. İcmal əsasında dərsin planlaşdırılması, vaxt bölgüsü, qrup tapşırıqlarının seçilməsi, resurslardan səmərəli istifadə və refleksiyanın aparılması məsələləri müzakirə edilib.
Seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, seminarda hazırda MDPİM-də təcrübə keçən Qərbi Kaspi və Avrasiya universitetlərinin IV kurs tələbələri də iştirak ediblər.
Tələbələr ARTİ ilə adıçəkilən universitetlər arasında bağlanılmış müqaviləyə əsasən mərkəzin müvafiq şöbələrində yerləşdirilməklə məktəblərdə aparılan monitorinq və dərsdinləmə proseslərinə cəlb olunur, təlim və tədrislə bağlı müxtəlif materialların, metodik vəsaitlərin tərcümə edilməsində yaxından iştirak edirlər.