25 fevral 2023-cü il tarixində Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsi keçirilir

Tarix: 25.02.2023
Paylaş:

25 fevral 2023-cü il tarixində Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsi keçirilir. Aşağı (VIII, IX sinif) və yuxarı (X, XI sinif) yaş qrupları üzrə keçirilən yarımfinal mərhələsi Respublikanın 19 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, İsmayıllı, Lənkəran, Masallı, Mingəçevir, Ucar, İmişli, Bərdə, Tovuz, Şəmkir, Quba, Xaçmaz, Zaqatala, Şəki, Şirvan və Salyanda, ümumilikdə 27 binada təşkil olunub. Prosesə 27 ümumi rəhbər, 100-dən çox nümayəndə, 400-dən çox otaq nəzarətçisi, tibb və buraxılış rejimi əməkdaşları (mühafizə) cəlb olunub.

Respublika Fənn Olimpiadalarında iştirak üçün 45000-dən çox ərizə daxil olub və 9000-dən çox şagird yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və 3 saat davam edəcək. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilməkdədir.

Fevralın 27-dən etibarən cavab kartlarının emalı aparılacaq. Nəticələrin 7 mart tarixinədək elan edilməsi nəzərdə tutulur. Respublika mərhələsinin yarımfinal turunun nəticələri www.portal.edu.az platformasında şəxsi kabinetlərə yerləşdiriləcək, eyni zamanda şagirdlərin təhsil aldıqları ümumtəhsil müəssisələri ilə də paylaşılacaq.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üçün Respublika Fənn Olimpiadalarında edilən əsas dəyişiklik IX, X və XI siniflərlə yanaşı, VIII sinif şagirdlərinin də olimpiadada iştirakının təmin edilməsidir.

RFO-nun təşkilində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsidir. Sözügedən olimpiadalar Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil edilir. İnformatika fənni üzrə Respublika Fənn Olimpiadalarının yarımfinal mərhələsi aşağı yaş qrupu üzrə 18 fevral, yuxarı yaş qrupu üzrə 19 fevral tarixində Bakı Ali Neft Məktəbində keçirilib.

RFO Kapital Bank ilə əməkdaşlıq əsasında həyata keçirilir.