“Süni intellekt və data elmi” layihəsinin məzununun uğuru

Tarix: 27.02.2023
Paylaş:

Zəhmət olmasa, özünüzü təqdim edin.

Adım Emin Xəlifəyevdir, 18 yaşım var. Fransa-Azərbaycan Universitetində (UFAZ) kimya mühəndisliyi ixtisası üzrə ikinci kurs tələbəsiyəm. Həmçinin mən ADNSU-nun Neft-qaz Mühəndisləri Tələbə Cəmiyyətinin sədriyəm. 2021-ci ildə Beynəlxalq Bakalavr Diplom Proqramından (International Baccalaureate Diploma Program) və 2022-ci ildə isə ARTİ-nin təşkil etdiyi “Süni İntellekt və Data Elmi” (SİDE) təlim proqramından məzun olmuşam. İngilis, fransız, rus və Azərbaycan dillərində danışa bilirəm.

Siz ARTİ tərəfindən təşkil olunan SİDE təlim proqramı layihəsini fərqlənmə sertifikatı ilə bitirmisiniz. Zəhmət olmasa, SİDE təlim proqramı haqqında öz fikirlərinizi bölüşə bilərsiniz?

SİDE layihəsi data mühəndisliyi, data elmi, maşın öyrənməsi və dərin öyrənməyə giriş sahələrində müasir biliklər əsasında qurulmuş intensiv təlim proqramı idi. Proqram alqoritmlərin arxasında dayanan riyazi modellər və optimallaşdırmaya böyük diqqət yetirməklə yanaşı, həm də real keysləri özündə əks etdirən 10 məsələ toplusundan ibarət idi. Yerli və xarici şirkət və qurumlarda uzun illər təcrübəsi olan ekspertlər sözügedən proqrama təlimçi kimi cəlb olunmuşdu. Nəhayət, həm çətinlik səviyyəsini, həm də mənə qatdığı əlavə dəyərini nəzərə alaraq bu proqram haqqında çox yaxşı təəssüratlarımın olduğunu qeyd edə bilərəm.

Siz Kimya mühəndisliyi ixtisası üzrə təhsil alırsınız və data elmi, süni intellekt, astronomiya ilə bağlı proqramlarda iştirak edirsiniz. Sizdə bu sahələrə xüsusi maraq yaradan nədir? Həmin sahələrin hər birinin öz müxtəliflikləri və çətinlikləri olduğunu nəzərə alsaq, burada uğur qazanmaq nə qədər çətindir?

Kimya mühəndisliyi yalnız kimyadan ibarət deyil. Mən kimya ilə bərabər riyaziyyat, fizika və kompüter elmləri üzrə də eyni dərəcədə bacarıqlı olduğumu düşünürəm. İnanıram ki, mühəndislik tək dərəcə deyil, həm də ruh vəziyyətidir. Mən yeni çağırışlara hazıram – süni intellekt və aerokosmik mühəndislik yaradıcılığım üçün yaxşı bir mühit yaradır. Bəzən bir semestrdə 14-ə qədər kurs, bir neçə vəzifə və bir neçə startap komandasında yer almaq mənim üçün çətin bir təcrübə ola bilər. Bununla belə, gördüyüm işlərdə çox seçiciyəm və həyata keçirdiyim hər bir layihə öz seçimimdir. Mənim arzum dərin öyrənmə və mühəndisliyin birləşdiyi bir sahədə karyera qurmaqdır. Buna görə də gələcəkdə robototexnika, kompüter mühəndisliyi və ya əlaqəli bir sahədə təhsilimi davam etdirmək istərdim.

Bu yaxınlarda sizin də tərkibində olduğunuz “NEXUS” komandası Fransanın Kann şəhərində keçirilən kosmik texnologiyalar üzrə “ActInSpace” beynəlxalq hakatonunda 1-ci yeri qazanıb! Sözügedən müsabiqə, ideyanız və yarış zamanı qarşılaşdığınız çətinliklər haqqında bizə məlumat verə bilərsinizmi?

Rəqiblərimiz dünyanın 35 ölkəsindən yerli finalçılar, hakatonun münsiflər heyəti isə CNES, ESA, Aersspace Valley, Airbus, EUSPA kimi şirkətlərin rəhbərlərindən ibarət idi. Yarışmanın beynəlxalq final mərhələsi Kanndakı “Palais de Festivals” sarayında baş tutdu. Müsabiqənin ən çətin hissəsi investorları inandırmaqdır və mən fəxr edirəm ki, Azərbaycanı təmsil edən “NEXUS” komandasının adından investorların qarşısında çıxış etmək imkanım oldu! Biz bu yarışmada həm hakatonun “Qran-Pri”sini, həm də Avropa İttifaqının Kosmik Proqramlar Agentliyinin xüsusi mükafatını qazandıq. Qlobal aviasiya tullantılarının 57%-i uçuş zamanı təyyarələrin arxasında görünən ağ buludlardan qaynaqlanır. Hakaton zamanı komanda üzvlərimiz Ömər Nuruzadə, Sənan Çəharkamə, Araz Şəfiyev və Gülər İsmayılova və mentorlarımız Pierre Collet və Cəsur Həsənovla birlikdə uçuşlar zamanı karbon emissiyaların sayını yarıya endirə və qlobal istiləşmənin təsirini 2%-ə qədər aşağı sala biləcək bir startap ideyası təklif etdik. Bunun baş verməsi üçün biz çox gecələr yuxusuz qaldıq, yerli və xarici ekspertlərlə əlaqələr qurduq, professorlarımıza çoxlu çətin suallar verdik və aviasiya mühəndisləri ilə müzakirələrdən qiymətli fikirlər, ideyalar əldə etdik. Nəhayət, biz kondensasiya yollarının ehtimalını proqnozlaşdırmaq üçün meteoroloji məlumatlardan, uçuş detallarından və peyk görüntülərindən istifadə edən maşın öyrənmə modeli hazırladıq. Proqram təminatımız pilotlara yaxın gələcəkdə emissiyaya uyğun marşrutlar seçmək üçün uçuşdan əvvəl hazırlıq zamanı kömək edəcək, eyni zamanda bu proqram aviaşirkətlər üçün daha yaxşı imic və artan satış gətirən cəlbedici biznes modeli də təklif edəcək. Bu, bizim kimi bir qrup tələbə üçün isə qlobal miqyasda nəyisə dəyişə biləcəyimiz deməkdir və mən də bu layihənin təşəbbüskarlarından biri olmaqdan qürur duyuram.

SİDE layihəsində əldə etdiyiniz bilik və bacarıqlar sizə bu Beynəlxalq “ActinSpace” hakatonda qalib gəlmək üçün necə kömək oldu?

Hakatonda təqdim etdiyimiz layihənin tamamilə maşın öyrənməsi üzərində qurulmasını nəzərə alaraq qeyd edə bilərəm ki, SİDE təlim proqramında iştirakım bu yolda mənə çox kömək oldu. Fürsətdən istifadə edib ARTİ-yə, layihə komandasına və layihənin təlimçi ekspertləri olan Günay Kazımzadə, Samir Məmmədov, Toğrul Cəfərova öz xüsusi təşəkkürümü çatdırmaq istəyirəm.

Bir gənc olaraq gənclərimiz üçün tövsiyələriniz nə olardı?

Resurslardan istifadə edin. Əgər bir şeyi sevirsinizsə, onun üçün vaxt ayırmalısınız və investisiya etməlisiniz.