Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində 18, 38, 154, 173, 178 və 301 nömrəli tam orta məktəblərdə fənn müəllimləri ilə metodik görüşlər keçirilib

Tarix: 10.03.2023
Paylaş:

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) tərəfindən metodik dəstək göstərilən məktəblərdə Məktəbin İnkişaf Planının (MİP) icrası çərçivəsində görüşlər davam etdirilir.

MİP-ə əsasən 1-10 mart tarixlərində 18, 38, 154, 173, 178 və 301 nömrəli tam orta məktəblərdə fənn müəllimləri ilə metodik görüşlər keçirilib. Görüş müəllimlərin məktəbdaxili qiymətləndirməyə dair bilik və bacarıqlarının artırılmasına yönəlib.

Müəllimlər ilə diaqnostik qiymətləndirmənin məqsədləri, üsul və vasitələri müzakirə olunub, nəzəri məlumatlar əsasında praktiki tapşırıqlar yerinə yetirilib və müəllimlərin hazırladıqları diaqnostik qiymətləndirmə nümunələri təhlil olunub.

Görüşdə MDPİM əməkdaşları ilə yanaşı, Qərb Universitetinin ARTİ-də təcrübə keçən tələbələrindən bir qismi də iştirak edib.

Qeyd edək ki, metodik görüşlər hər ay fənlər üzrə qruplaşdırılmış şəkildə və müəllimlərin təlim ehtiyaclarına uyğun məzmunda təşkil olunur. Görüş və seminarlardan sonra müəllimlərin fəaliyyətindəki dəyişikliklərin izlənilməsi məqsədilə təkrar dərsdinləmələr keçirilir.