Təhsil İnstitutuna yeni direktor müavinləri təyin olunub

Tarix: 10.03.2023
Paylaş:

Azərbaycan Respublikasının Təhsil İnstitutunda yeni direktor müavinləri təyinatı olub. Belə ki, Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov və Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Könül Abaslı ARTİ-nin yeni direktor müavinləri təyin olunub.

 

İlham Cavadov 2002-ci ildə Azərbaycan Respublikasının Təhsil İnstitutunda əyani aspiranturaya qəbul olunmuş, 2006-ci ildə “Ümumtəhsil məktəblərində monitorinq və qiymətləndirmə üzrə işin sistemi” (5804.01 – ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə) mövzusunda fəlsəfə doktoru dissertasiyası müdafiə etmiş və institutun “İnformasiyaların keyfiyyətinin idarə olunması” şöbəsində böyük elmi işçi, 2009-cu ildə həmin şöbədə aparıcı elmi içşi, daha sonra Kurikulum Mərkəzində koordinator–aparıcı elmi işçi, 2014-cü ildə Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri, 2017-ci ildə institutun Elmi-Pedaqoji Mərkəzində Təhsilin keyfiyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2020-ci ildə Elmi-pedaqoji tədqiqatlar Mərkəzinin direktoru vəzifəsinə təyin olunmuşdur.

 

İlham Cavadov 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı almışdır. O, 7 nəfər fəlsəfə doktoru proqramı üzrə təhsil alan doktorant və dissertanta elmi rəhbərlik edir. 5 kitabın, 34 elmi məqalənin, 7 tezisin müəllifidir.

 

Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 2021-ci il tarixli Sərəncamı ilə Tərəqqi medalı ilə təltif edilmişdir.

 

Könül Abaslı bakalavr və magistratura təhsilini Bakı Slavyan Universitetində müvafiq olaraq İbtidai təhsilin pedaqogika və metodikası və Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə almışdır. Doktorantura təhsilini isə Türkiyə Respublikasının Hacettepe Universitetində Təhsilin idarəolunması, təftişi, planlaması və iqtisadiyyatı proqramında yüksək müvəffəqiyyət sertifikatı ilə tamamlamışdır. Pedaqogika üzrə (5802.01 – Təhsilin təşkili və planlaşdırılması) fəlsəfə doktorudur.

 

Yerli və beynəlxalq indeksli jurnallarda 15-dən çox elmi məqalənin, 8 kitab bölməsinin, 4 hesabatın müəllifi və həmmüəllifidir. Təhsillə əlaqəli 7 beynəlxalq konfransda çıxış etmişdir. 5 beynəlxalq və 1 yerli elmi jurnalda rəyçidir.