HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi keçirilib

Tarix: 18.03.2023
Paylaş:

18 mart 2023-cü il tarixində HIPPO İngilis dili Olimpiadasının ilk mərhələsi (Preliminary round) keçirilib. 6-17 yaş arası bütün məktəblilərin ingilis dili biliklərini yoxladıqları Olimpiada Respublikanın 8 şəhər və rayonunda – Bakı, Gəncə, Sumqayıt, Naxçıvan, Şəmkir, Quba, Şəki və Şirvan olmaqla, ümumilikdə 11 binada təşkil olunub. 

İmtahan bütün binalarda eyni vaxtda başlanıb və təlimata uyğun şəkildə keçirilib. Bütün yaş kateqoriyaları üzrə şagirdlərə oxuyub anlama və ingilis dilinin istifadəsinə dair test tapşırıqları təqdim edilmişdir. Məlumat üçün bildiririk ki, nümunə suallar imtahandan bir müddət əvvəl ictimaiyyətə təqdim edilmişdir. 

HIPPO İngilis dili Olimpiadasının təşkilində məqsəd dünyanın hər yerindən ingilis dilinə maraq göstərən şagirdlər arasında dostluq münasibətləri, beynəlxalq anlaşma və sağlam rəqabət ruhu yaratmaq, şagirdlərin şəxsi potensiallarını üzə çıxarmaq və öz ingilis dili səviyyələrini beynəlxalq standartlara uyğun ölçməkdir. 

Qeyd edək ki, nəticələr 20 gün ərzində elan ediləcək.