Azərbaycan Respublikasının Təhsil İnstitutu yeni beynəlxalq layihəyə ev sahibliyi edir

Tarix: 29.03.2023
Paylaş:

29 mart tarixində Təhsil İnstitutu ilə Təhsil Nazirliyinə dəstək “NQF 5-ci Səviyyə Kvalifikasiyalarının Əlavə İnkişafı və Azərbaycanda Təhsil Sisteminin Dayanıqlığının Gücləndirilməsi” adlı layihənin komanda heyəti arasında görüş keçirilib. 

Keçirilən görüşdə layihənin komponentləri və məzmunu haqqında məlumat verilib. Həmçinin komanda heyəti layihənin məqsədi, gözlənilən nəticələri haqqında danışıblar.

Qeyd edək ki, “AZMKÇ-nin 5-ci səviyyəsi üzrə kvalifikasiyaların hazırlanması və Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsində Elm və Təhsil Nazirliyinə dəstək” texniki yardım layihəsi üzrə müsabiqə başa çatmışdır. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin əsas benefisiarı olduğu layihə Təhsil İnstitutunda həyata keçiriləcək. 

Görüş ARTİ-nin rəhbər heyəti və “EPRD İqtisadi Siyasət və Regional İnkişaf Ofisi Ltd”nin icraçı direktoru Karol Rudny, layihənin baş meneceri Agnieszka Badel, komanda başçısı Dr. Rainer Gerke, institusional inkişaf və bacarıqların artırılması üzrə əsas ekspert Boris Curkovic, əsas ekspert Mariana Matache, və “Innoveta” şirkətinin direktoru Parviz Yusifov iştirak edib.

Bildirək ki, layihə Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair milli prioritetlərdə nəzərdə tutulan strateji istiqamətlərə uyğun icra ediləcək.

Müsabiqənin qalibi Polşanın EPRD konsaltinq şirkətinin rəhbərlik etdiyi konsorsium olub.

Layihənin məqsədi Azərbaycan təhsil sistemində davam edən islahatları dəstəkləməklə,  AZMKÇ-nin 5-ci səviyyəsi üzrə kvalifikasiyaların inkişaf etdirilməsidir. 3 il davam etməsi nəzərdə tutulan layihə orta ixtisas və yüksək texniki peşə təhsili sahəsində kvalifikasiyaların yenilənməsini, müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını və müvafiq səviyyə məzunlarının əmək bazarına inteqrasiyasının asanlaşdırılmasını hədəfləyir.