Təhsil İnstitutu tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar maarifləndirici görüşlər davam edir

Tarix: 04.04.2023
Paylaş:

ARTİ tərəfindən 3 aprel 2023-cü il tarixində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə təhsilverənlərin sertifikatlaşdırılma imtahanına dair məlumatverici görüş keçirilib. Görüş Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbdə baş tutub.

Görüşdə ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva, İRM-in əməkdaşı Fəridə Həsənli, Quba-Xaçmaz RTİ-nin əməkdaşları, fənn və metodika üzrə mütəxəssislər çıxış edib. Görüş zamanı sertifikatlaşdırılmanın mərhələləri, məzmunu haqqında danışılıb. Həmçinin sertifikatlaşdırılmanın nəticələrinin təhsilverənlərin karyera inkişafında, əməyin stimulllaşdırılması və əməkhaqqının diferensiallaşdırılması tədbirlərində nəzərə alınacağı bildirilib. Müəllimlər tərəfindən diqqət olunmalı məqamlar müzakirə olunub və müəllimləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ARTİ tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması imtahanı üçün müəllimlərə dəstək məqsədi ilə bütün ölkədə mütəmadi olaraq maarifləndirici görüşlər təşkil olunur. Bu vaxta qədər Şərqi-Zəngəzur, Şirvan-Salyan, Abşeron-Xızı Regional və Bakı Şəhəri üzrə Təhsil İdarələrinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri ilə görüşlər keçirilib.