Milli və beynəlxalq olimpiadalarla bağlı ən çox verilən suallar və onların cavabları

Tarix: 06.04.2023
Paylaş:

1. Milli olimpiadalarda (Respublika fənn olimpiadaları, Məktəblilərarası fənn müsabiqələri, Lütfi Zadə adına məntiq müsabiqəsi) kimlər iştirak edə bilər və hansı fənlər üzrə keçirilir?

• Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilir. VIII, IX, X və XI siniflər iştirak edə bilər.

• Məktəblilərarası fənn müsabiqələrində VI sinif şagirdləri riyaziyyat və informatika, VII sinif şagirdləri isə fizika, kimya və biologiya fənni üzrə iştirak edə bilər.

• Lütfi Zadə adına məntiq olimpiadasında isə V sinif şagirdləri iştirak edə bilər.

 

2.  Milli olimpiadalarda (Respublika fənn olimpiadaları, Məktəblilərarası fənn müsabiqələri, Lütfi Zadə adına məntiq müsabiqəsi) iştirak üçün elektron qaydada qeydiyyat prosesi necə həyata keçirilir?

Sözügedən olimpiada və müsabiqələrdə iştirak üçün şagirdlər https://portal.edu.az/ platforması üzərindən qeydiyyatdan keçməlidirlər. Daha sonra qeydiyyatın tamamlandığına dair onların şəxsi kabinetlərindəki əlaqə nömrələrinə SMS bildiriş göndəriləcək, eyni zamanda qeydiyyat pəncərəsində “Qeydiyyatınız tamamlandı” yazısı görünəcək.

 

3. Milli olimpiadalar (Respublika fənn olimpiadaları, Məktəblilərarası fənn müsabiqələri, Lütfi Zadə adına məntiq müsabiqəsi) üzrə buraxılış vərəqələri necə əldə edilir?

Şagirdlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqə və olimpiadalar” bölməsinin ümumi məlumatlar hissəsindən buraxılış vərəqələrini əldə edə bilərlər.

 

4. Milli olimpiadalarda (Respublika fənn olimpiadaları, Məktəblilərarası fənn müsabiqələri, Lütfi Zadə adına məntiq müsabiqəsi) iştirak edən şagirdlər öz nəticələri ilə necə tanış ola bilərlər?

Şagirdlər nəticələri ilə www.portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə və ya təhsil aldıqları ümumtəhsil müəssisələrindən tanış ola bilərlər.

 

5. Milli olimpiadaların (Respublika fənn olimpiadaları, Məktəblilərarası fənn müsabiqələri, Lütfi Zadə adına məntiq müsabiqəsi) nəticələri ilə bağlı apellyasiya ərizələri nə zaman və hansı ünvana təqdim olunmalıdır?

Sözügedən olimpiadaların nəticələri ilə bağlı ərizələr 3 iş günü ərzində qəbul edilir. Ərizədə ərizəçinin yaşayış ünvanı və əlaqə nömrəsi qeyd edilməlidir. Fənn müəlliminin imzası olan ərizəni office@arti.edu.az elektron ünvanına göndərmək lazımdır.

 

6. Beynəlxalq olimpiadalarda iştirak üçün təşkil olunan hazırlıq dərslərində kimlər iştirak edə bilər?

Beynəlxalq olimpiadalara hazırlıq dərslərinə riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə milli müsabiqə və olimpiadaların qalibləri dəvət olunur.

 

7. Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində (KBRM) iştirak şərtləri nədən ibarətdir?

– Müsabiqə 2 mərhələdən ibarətdir.

– Hər sinif üzrə ən yaxşı nəticə göstərən 10% şagirdə diplom təqdim ediləcək.

– Birinci mərhələdə ən yaxşı nəticə göstərmiş 5% şagird final mərhələsinə vəsiqə qazanacaq.

– Finalçılardan hər sinif üzrə 18 nəfər ( 3 qızıl, 6 gümüş və 9 bürünc medal olmaqla) şagird qalib elan ediləcək.

– Qaliblər hədiyyə və medallarla, bütün iştirakçılar isə sertifikatla təltif ediləcək.

– Müsabiqədə iştirak ödənişlidir.

 

8. Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində (KBRM) iştirak edən şagirdlərə sertifikatların təqdim olunması necə həyata keçirilir?

Sözügedən müsabiqədə iştirak edən şagirdlər sertifikatları əldə etmək üçün təhsil aldıqları ümumtəhsil müəssisələri və aidiyyatı Regional Təhsil İdarələrinə müraciət edə bilərlər.