ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi tərəfindən keçirilən “Refleksiv müəllim” layihəsi üzrə seminarlar davam edir.
Bu məqsədlə 91, 290 və 254 nömrəli məktəblərdə seminarlar keçirilib.
91 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda məktəbin ingilis dili müəllimi Aynur Qasımova VII sinif dərsliyində olan “Past Continuous” mövzusunda icmal təqdim edib. İcmal əsasında dərsin planlaşdırılması, tapşırıqların seçilməsi, iş formaları, beyin həmləsi üsulunun tətbiqi variantları, vaxt bölgüsü, resurslardan istifadə məsələləri müzakirə edilib.
290 nömrəli tam orta məktəbdə keçirilən seminarda Azərbaycan dili və ədəbiyyat müəllimi Şəfa Əhmədova icmal təqdim edib. Mövzu isə VII sinif dərsliyində olan “Bumeranqı kim icad edib?” olub. Seminar zamanı tədqiqat sualının qoyuluşu, standartlar əsasında təlim məqsədinin müəyyənləşdirilməsi, standartın reallaşdırılması, fənlərarası inteqrasiya, qiymətləndirmə meyarları məsələləri ətrafında müzakirələr aparılıb.
254 nömrəli tam orta məktəbdə keçirilən növbəti seminar isə riyaziyyat fənni üzrə olub. Məktəbin ibtidai sinif müəllimi Zeynəb Mustafayeva II sinif riyaziyyat dərsliyində olan “Vurma” mövzusu ilə bağlı icmal təqdim edib. Seminarda böyük qrup və ya kollektivlə iş, şagirdlərin qruplara bölünməsi, bütün qruplar üçün eyni səviyyəli tapşırıqların hazırlanması, refleksiyanın aparılması, formativ qiymətləndirmə, konstruktiv rəyin verilməsi ilə bağlı müzakirələr aparılıb.
Hər üç seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.