ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planının (MİP) yazılmasına dəstək məqsədilə 10 yeni məktəbdə fəaliyyətlərini davam etdirir.
Bu məqsədlə TKTA-nın keyfiyyət monitorinqi əsasında aşağı nəticələr göstərən və metodik dəstək məqsədilə ARTİ-yə təhkim olunan 10 yeni məktəbdə (91, 111, 159, 162, 238, 242, 260, 265, 276 və 284 nömrəli) MİP-in yazılması prosesi aparılır.
17-21 aprel tarixlərində adıçəkilən istiqamətdə keçirilən görüşlərdə məktəb rəhbərliyi, məktəbin ARTİ tərəfindən təyin olunan kuratoru və MİP komandası, eləcə də metodik dəstək üzrə məsul şəxslər iştirak ediblər. Görüşlərdə TKTA-nın monitorinq nəticələri, ARTİ-nin MİP üzrə əvvəlki illərlə bağlı təcrübəsi və metodik dəstəyini əks etdirən təqdimat nümayiş olunub. Eyni zamanda, məktəblərin güclü və inkişafa ehtiyac olan tərəfləri müzakirə olunub, bu ehtiyacların qarşılanması, inkişaf perspektivləri barədə MİP komandasının təklifləri dinlənilib.
Bundan əlavə, məktəb heyətinin təlim ehtiyaclarının müəyyənləşdirilməsi istiqamətində MİP komandasına tövsiyələr verilib və müəllimlərin sualları cavablandırılıb.