ARTİ MDPİM-də təcrübə keçən tələbələr üçün təşkil edilən təlim və seminarlar davam edir

Tarix: 05.05.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində (MDPİM) təcrübə keçən tələbələr üçün təşkil edilən təlim və seminarlar, həmçinin görüşlər davam edir. Adıçəkilən fəaliyyətlər Qərbi Kaspi və Bakı Avrasiya Universitetlərindən olan təcrübəçi tələbələrin şəxsi inkişaflarına və gələcək karyera imkanlarına dəstək məqsədilə həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, təcrübəçi tələbələr öz ixtisasları ilə bağlı təcrübə qazanmaları üçün MDPİM-in müvafiq şöbələrinə təhkim olunurlar və hər şöbənin fəaliyyət istiqamətlərinə uyğun onlarla iş aparılır. Tələbələr eyni zamanda MDPİM-in Əlavə təhsilin məzmunu, Əlaqələndirmə və Təlimlərin icrasına nəzarət şöbələrində fəaliyyətlərə cəlb edilirlər.

Belə ki, tələbələr məktəblərdə aparılan monitorinq və dərsdinləmə proseslərində, təlim və tədrislə bağlı müxtəlif materialların, metodik vəsaitlərin tərcümə edilməsində, eyni zamanda mərkəzin “Refleksiv müəllim” layihəsi əsasında məktəblərdə təşkil edilən seminarlarında da yaxından iştirak ediblər.

Bununla yanaşı, tələbələr 56 nömrəli məktəbdə VIII sinif qızları üçün təşkil edilən “Erkən nikahın fəsadları” adlı məşğələyə cəlb olunublar. Məşğələdə iştirak edən təcrübəçilər sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlararası nikahların qarşısının alınması mövzularında Azərbaycan və ingilis dillərində bukletlər tərtib ediblər.

Təcrübəçi tələbələr ümumtəhsil məktəblərində müasir təlim metodlarının tətbiqi, müasir məktəb və fənn kurikulumu əsasında təlimin planlaşdırılması, Azərbaycan dili dərslərinin məqsəd və strategiyasının ümumiliyi mövzularında təlimlərə də cəlb ediliblər.

Təcrübəçilər təlim ehtiyaclarının öyrənilməsi yolları, təlim proqramlarının və materiallarının hazırlanması, monitorinq haqqında nəzəri biliklərlə məlumatlandırılıb, sorğu vərəqi və təlim proqramı nümunəsinin tərtibi üzərində çalışıblar.

Tələbələrə həmçinin, xarici dili öyrənməyin faydaları, o cümlədən ünsiyyət azadlığı, karyera perspektivləri, təhsil və beynəlxalq təcrübə, “Mind map” (zehin xəritəsi), assosiasiya və fərdiləşdirmə metodlarından istifadə etmə və digər məsələlərlə bağlı təlimlər keçirilib.

Müvafiq şöbə üzrə pedaqoji təcrübə keçən tələbələrin bir qismi isə psixologiya sahəsi üzrə 2 mövzuda araşdırma aparıb, mövzulara uyğun materialları seçərək tərcümə edib və hər bir mövzu üzrə təqdimat hazırlayıblar. Araşdırmalar “Uşaqlarda müşahidə olunan davranış pozuntuları, onların yaranma səbəbləri və idarəedilmə strategiyaları” və “Travma: travmaya səbəb olan hadisələr, travmanın uşaqlara təsiri, posttravmatik stres pozuntusu, ilk psixoloji yardım” adlı mövzular üzrə olub.

Təcrübəçi tələbələrə “Soft Skills” modulu üzrə “Uğurlu ünsiyyətin qurulması” adlı təlim də keçirilib. Təlim müddətində əməkdaşlıq və iş müsahibələri zamanı diqqət yetirilməli məqamlar, ünsiyyət zonası, 5 C texnologiyası, kommunikasiya bacarıqları (kütlə qarşısında çıxış etmək, danışıqlar aparmaq, ünsiyyət qurmaq), aktiv idarəetmə, düzgün suallar vermək, mübahisə etmək kimi müxtəlif mövzularla bağlı tələbələrlə geniş müzakirələr aparılıb və onların sualları cavablandırılıb.

Qeyd edək ki, təcrübəçi tələbələr üçün təşkil edilən təlim, seminar və görüşlərin may ayının, yəni təcrübə müddətinin sonunadək davam etdirilməsi nəzərdə tutulur.