ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir

Tarix: 10.05.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.

3 mayda 239 nömrəli tam orta məktəbdə təşkil edilən seminar riyaziyyat fənni üzrə olub. Məktəbin riyaziyyat müəllimi Mehriban İsmayılova V sinif dərsliyində olan “Qarışıq ədədlərin bölünməsi” mövzusu ilə bağlı icmal təqdim edib. Seminarda dərsin planlaşdırılması, iş üsul və formaları, böyük qrup və ya kollektivlə iş, şagirdlərin qruplara bölünməsi, bütün qruplar üçün eyni səviyyəli tapşırıqların hazırlanması, tapşırıqların dərsin məqsədinə uyğunluğu, tədqiqatın aparılma mərhələsinin bütün mövzular üzrə tətbiq edilib-edilməməsi və qiymətləndirmə meyarları məsələləri ilə bağlı müzakirələr aparılıb. 

Digər seminar isə 4 mayda 61 nömrəli tam orta məktəbdə keçirilib. Məktəbin ingilis dili müəllimi Çimnaz Əhmədova IX sinif dərsliyində olan “Values” mövzusunda icmal təqdim edib. İcmal əsasında standartlara uyğun təlim məqsədinin müəyyənləşdirilməsi, qiymətləndirmənin təlimin məqsədinə müvafiqliyi, tapşırıqların seçilməsi, vaxt bölgüsü, konstruktiv rəyin verilməsi məsələləri müzakirə edilib. 

Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.