“Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində təlimlər keçirilir

Tarix: 10.05.2023
Paylaş:

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (UNICEF) birgə fəaliyyət planı əsasında ARTİ-nin Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ), Lənkəran-Astara Regional Təhsil İdarəsi, Qarabağ Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi ilə əməkdaşlıqda icra etdiyi “Təhsil sistemində uşaq müdafiəsi və təhlükəsizliyi – II mərhələ” adlı pilot layihə çərçivəsində təlimlər keçirilir. 

Bakı şəhəri üzrə 15 məktəb, Lənkəran şəhəri və Ağcabədi rayonu üzrə hər birində 5 məktəb, eləcə də Zəngilan rayon Ağalı kənd məktəbində direktor, direktor müavinləri, məktəb psixoloqu, müəllim və valideyndən ibarət uşaq müdafiəsi və təhlükəsizliyi komandaları (UMT) təlimlərə cəlb olunub. UMT komandaları baş təlimçilər tərəfindən uşaq müdafiəsi və təhlükəsizliyinə dair ilkin anlayışlar, konsept və prosedurlar, eləcə də mexanizmin iş prinsipi və ona aid uyğun sənədləşmə haqqında təlimləndiriliblər. Mexanizmə dair nəzəri biliklərlə yanaşı, UMT komandaları müxtəlif praktiki məşğələlərin köməyi ilə müvafiq sahədə bacarıqlarını da artırıblar. Qeyd etmək lazımdır ki, Zəngilan rayon Ağalı kənd məktəbində təlimlər onlayn şəkildə təşkil edilib. 

Bundan başqa, sözügedən pilot layihənin ilkin mərhələsindəki məktəblərdə monitorinq xarakterli görüşlər keçirilib və bu məktəblərdə yenilənən komanda üzvləri təlimlərə cəlb edilib. Monitorinqin əsas məqsədi məktəblərdə mexanizmin icrasına uyğun olaraq görülən işlərin qiymətləndirilməsi, baş verən hadisələr zamanı atılan addımların qeydə alınması, həmçinin UMT komandalarının suallarının cavablandırılması olub. 

Layihə çərçivəsində, eyni zamanda, sinif rəhbərləri və valideynlər arasında maarifləndirici görüşlərin keçirilməsi nəzərdə tutulur.