Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

Tarix: 15.05.2023
Paylaş:

8-13 may 2023-cü il tarixlərində Türkiyənin Antalya şəhərində 40-cı Balkan Riyaziyyat Olimpiadası təşkil edilib. 

6 məktəbli ilə təmsil olunan komandamız sözügedən yarışda uğurla çıxış edərək 1 gümüş və 1 bürünc olmaqla, ümumilikdə 2 medal və 3 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Elm və Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Cəlil Hüseynov gümüş medal, həmin liseyin XI sinif şagirdi Fidan Qarayeva isə bürünc medal qazanıb. Həmçinin, Fizika  riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdləri Səid Bəkirov, Ömər Qədimli və TDV (Türk Dəyanət Vəqfi) Bakı Türk Liseyinin 10-cu sinif şagirdi Telman Məmmədov olimpiadanın həvəsləndirici sertifikatına layiq görülüblər.

Qeyd edək ki, 2007-ci ildən etibarən Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 1 qızıl, 17 gümüş və 36 bürünc medal qazanıblar.