“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin açılış konfransı baş tutub

Tarix: 16.05.2023
Paylaş:

16 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin maraqlı tərəflərin iştirakı ilə açılış konfransı baş tutmuşdur.

Azərbaycanda Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsinə daxil olan orta ixtisas (subbakalavr) və yüksək texniki peşə təhsili üzrə təhsil və təlimin gücləndirilməsi və bu istiqamətdə inkişafa töhfə vermək məqsədilə Azərbaycanda müvafiq qurumlara əsaslı dəstəyin göstərilməsi layihənin başlıca məqsədidir.

Qeyd edək ki, Aİ tərəfindən maliyyələşdirilən bu genişmiqyaslı layihəyə 24 fevral, 2023-cü ildən etibarən start verilmişdir.

Tədbiri ARTİ-nin Təhsildə İnnovasiyalar şöbəsinin müdiri, layihənin koordinatoru Abutab Abbasova açıq elan etmişdir.

Keçirilən konfransın məqsədi isə ömürboyu təhsil kontekstində peşə təhsili və təlimi də daxil olmaqla təhsil sisteminin modernləşdirilməsi və keyfiyyətinin artırılması istiqamətində maraqlı tərəflərin dialoqunu tərtib etmək və məzunların əmək bazarına inteqrasiya prosesini asanlaşdırmaq olmuşdur.

Elm və təhsil nazirinin müavini İdris İsayev tədbirdə çıxış edərək orta ixtisas təhsilinin təhsil sistemində yeri, yüksək texniki peşə təhsilinin əmək bazarının tələblərinə uyğun inkişaf etdirilməsindən danışmış, yüksək texniki peşə təhsilində institutsional və proqram akkreditasiyasının vacibliyini vurğulamışdır. O, təhsil proqramlarının məzmununun əmək bazarının tələbləri nəzərə alınmaqla hazırlanmasının, bu istiqamətdə ƏƏSMN ilə əməkdaşlığın mühümlüyünü qeyd etmişdir. Sonda İ.İsayev layihəyə ev sahibliyi edən Təhsil İnstitutuna tövsiyələrini vermişdir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin rəhbəri Viktor Boykov çıxışında Aİ-nın təhsil sektoruna verdiyi dəstəklə bağlı ətraflı məlumat vermişdir.

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov institut tərəfindən həyata keçirilən layihələrdən danışmışdır. Yüksək texniki peşə təhsilində iqtisadiyyatın ehtiyaclarına müvafiq məzmun komponentlərinin-təhsil proqramlarının, dərsliklərin, metodiki dəstək alətlərinin hazırlanmasının zərurətini bildirmişdir. O, layihənin komponentləri üzrə məzmun hazırlığında sənaye ilə əməkdaşlıq mexanizmlərinin, səmərəli peşəyönümü işinin təşkili məqsədilə tövsiyələrin hazırlanması, həmçinin institutsional potensialın gücləndirilməsində Təhsil İnstitutunun gözləntilərini açıqlamışdır.

Layihənin əsas ekspertləri  Reiner Gerke, Mariana Mataçe, Boris Kurkoviç layihənin məqsədi, 3 komponenti və həmin komponentlərin Azərbaycan hökümətinin və Aİ-nin prioritetləri ilə əlaqələndirilməsi barədə təqdimat etmişlər.

Konfransda layihə barəsində ətraflı məlumat verilmiş və əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Bu layihə Azərbaycanda cari təhsil sisteminin Milli Kvalifikasiyalar Çərçivəsinə (AzMKÇ) uyğunlaşdırılması və davamlı təkmilləşdirmənin təşviqi istiqamətində atılmış vacib bir addım hesab olunur.