BMT-nin Əhali Fondu (UNFPA) və Avropa İttifaqının (Aİ) dəstəyi ilə həyata keçirilən “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsinin ikinci fazasının icrasına başlanılıb.
Təhsil İnstitutu tərəfindən icra edilən layihənin 2021-2022-ci illəri əhatə etmiş ilkin fazası çərçivəsində bir sıra fəaliyyətlər həyata keçirilib. Belə ki, I-V siniflərdə tətbiq olunan 7 dərslik komplekti genderə həssas prizmadan təhlil olunub, rəy və təkliflər verilib. Əlavə olaraq, nəşriyyat evləri, dərslik müəllifləri və ümumi təhsil müəssisələrinin pedaqoji və inzibati heyəti üçün tədris-təlim prosesində genderə həssas yanaşmanı təşviq etmək məqsədilə təlimçilərin təlimi (ToT) təşkil edilib. Bütün bunlarla yanaşı, məktəblərdə gender bərabərliyini qorumaq üçün ARTİ tərəfindən hazırlanan Məktəbin İnkişaf Planına (MİP) gender yönümlü məsələlər inteqrasiya olunub.
Layihənin cari fazasının əsas məqsədi məzmunda və tədris-təlim prosesində gender bərabərliyini qorumaqla və eləcə də məktəblərdə genderə həssas mühit yaratmaqla Azərbaycanda ümumi təhsil müəssisələrində gender yönümlü yanaşmanın təşviqini təmin etməkdir.
Qeyd edək ki, iki komponentdən ibarət olan layihə çərçivəsində 60 dərslik müəllifi və məzmun mütəxəssislərinin ümumi təhsil pilləsi üçün gender bərabərliyi qorunan məzmun tərtib etmə bacarığının artırılması, 10 pilot məktəbdə pedaqoji və inzibati heyət, valideyn/qəyyum və şagirdlərlə təlim və görüşlər vasitəsilə həmin müəssisələrdə sistemli və hərtərəfli şəkildə genderə həssas yanaşmanın təşviq olunması nəzərdə tutulub. Sözügedən ümumi təhsil müəssisələrində həyata keçiriləcək fəaliyyətlərə məktəb rəhbərliyi ilə, layihənin ilkin fazasında təkmilləşdirilmiş MİP-ə əsasən inzibati heyət və valideynlər/qəyyumlar və ya ailə üzvləri ilə görüş və təlimlər, məktəblərin pedaqoji heyəti və psixoloqları üçün təlimlər, həmçinin yenilənmiş Əsas Həyati Bacarıqları proqramı vasitəsilə şagirdlərlə aparılacaq məşğələlər aiddir.