ARTİ MDPİM təşəbbüsü ilə metodik dəstək göstərilən məktəblərdə qarşılıqlı dərsdinləmələr aparılıb

Tarix: 19.05.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin təşəbbüsü ilə metodik dəstək göstərilən məktəblərdə qarşılıqlı dərsdinləmələr aparılıb. 

Qarşılıqlı dərsdinləmələrin məqsədi müəllimlərin peşəkar inkişafını təmin etmək üçün onlar arasında təcrübə mübadiləsi və əməkdaşlıq mühiti formalaşdırmaq, həmçinin müəllim ünsiyyətini daha da genişləndirməkdir.   

15 mayda keçirilən ilk görüş 75 və 154 nömrəli tam orta məktəblər arasında təşkil edilib. 154 nömrəli məktəbin müxtəlif fənn müəllimləri 75 nömrəli məktəbə gələrək öz fənlərinə uyğun dərslərdə iştirak ediblər. Prosesə 154 nömrəli məktəbin Azərbaycan dili, riyaziyyat, ibtidai sinif, coğrafiya, tarix və informatika müəllimləri cəlb ediliblər.

Əvvəlcə müəllimlərə görüşün məqsədi haqqında məlumat verilib, daha sonra dərsdinləmə prosesinə başlanılıb. Görüşün sonunda təşkil edilən müzakirədə isə müəllimlərlə refleksiya aparılıb. Müəllimlər dərsdinləmə prosesində müşahidə etdikləri məqamları, həmkarlarının dərsləri ilə bağlı qeydlərini bildiriblər, həmçinin öz təcrübələrini bölüşüblər.

Qeyd edək ki, MDPİM tərəfindən metodik xidmət göstərilən məktəblər arasında mütəmadi olaraq qarşılıqlı dərsdinləmələrin keçirilməsi planlaşdırılır.