Sertifikatlaşdırılma ilə bağlı sınaq imtahanlarına start verilir

Tarix: 20.05.2023
Paylaş:

Təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına hazırlaşan müəllimlərin nəzərinə!

Sertifikatlaşdırılma imtahanlarına hazırlaşan müəllimlərə dəstək məqsədilə ARTİ sınaq imtahanlarına start verir.

Onlayn formada təşkil ediləcək sınaq imtahanları Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimləri üçün nəzərdə tutulub.

Sınaq imtahanı 25 may 2023-cü il tarixində keçiriləcək. İmtahan linkinə saat 10:00-dan saat 20:00-dək daxil olmaqla imtahanda iştirak etmək mümkündür. İmtahan linkinin bütün gün açıq olmasına baxmayaraq, hər bir müəllimin yalnız bir dəfə 120 dəqiqə ərzində sınaq imtahanında iştirak etmək imkanı olacaq. İmtahan vaxtı bitən kimi cavablarınız avtomatik olaraq sistemə göndəriləcək və nəticəniz dərhal ekranda görünəcək. Sınaq imtahanlarında istifadə edilən sual nümunələri düzgün cavabları ilə imtahandan sonra ARTİ-nin rəsmi saytında yerləşdiriləcək.

Qeyd edək ki, bu il təkrar imtahanda iştirak edəcək ibtidai sinif müəllimləri də sınaq imtahanına dəvət olunublar.

Hörmətli müəllimlər,

Sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS qrupu) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəllər qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir. Suallarınız olduğu halda 146-4 Qaynar xətt nömrəsinə zəng edə bilərsiniz.