Təhsil İnstitutu Məktəbin İnkişaf Planı üzrə seminar və görüşlərin keçirilməsini davam etdirir

Tarix: 23.05.2023
Paylaş:

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planı (MİP) üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması çərçivəsində seminar və görüşlərin keçirilməsini davam etdirir.

Bu məqsədlə 19 may tarixində 18, 35, 38, 51, 75, 154, 173, 178, 227 və 301 nömrəli tam orta məktəblərdə “Genderyönümlü pedaqogika” adlı seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd məktəbin inzibati və pedaqoji heyətini gündəlik fəaliyyətlərdə genderə həssas yanaşmanın nəzərə alınması və tətbiqi istiqamətində maarifləndirməkdir. Eyni zamanda, dərsin planlaşdırılması, öyrənmə fəaliyyəti və qiymətləndirmə zamanı genderə həssas yanaşmanın inteqrasiyası yollarını müzakirə etmək də əsas məqsədlərdəndir.

Seminarlarda məktəb, uşaq birlikləri və metodbirləşmə rəhbərləri, kitabxanaçılar, psixoloqlar, fənn müəllimləri də daxil olmaqla ümumilikdə 348 nəfər iştirak edib. İştirakçılar gender bərabərliyinin əks olunduğu beynəlxalq və milli sənədlərlə tanış olublar, həmçinin cins və gender anlayışları, dərs prosesində müəllimlərdə yarana biləcək gender stereotiplərinə əsaslanan gender qərəzləri, bu qərəzlərdən yayınmağın yolları müzakirə olunub.

Daha sonra bəzi dərsliklərdə qeyd olunan mətn və illustrasiyalar genderə həssas prizmadan təhlil olunub. Bundan əlavə, iştirakçılar özünüqiymətləndirmə anketini doldurmaqla özlərində gender qərəzləri olub-olmamasını təhlil ediblər. Sonda isə müəllimlərlə öyrəndiklərini növbəti fəaliyyətlərində necə tətbiq edəcəklərinə dair refleksiya aparılıb.

Qeyd edək ki, seminarlar Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu və Avropa İttifaqının dəstəyi ilə ARTİ-nin həyata keçirdiyi “Ümumi təhsildə genderyönümlü yanaşmanın təşviqi” layihəsinin birinci mərhələsi çərçivəsində MİP-ə inteqrasiya olunan genderyönümlü hədəflərin reallaşdırılmasına xidmət edir.