“Kiçik Addımlar Böyük Uğurlar” adlı məktəbəqədər təhsil forumu keçirilib

Tarix: 25.05.2023
Paylaş:

“İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində 13 May tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində, 20 may tarixində isə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Kiçik Addımlar Böyük Uğurlar” adlı məktəbəqədər təhsil forumu təşkil olunub.

Forumun məqsədi erkən uşaq təhsilinin uşaq inkişafında rolunu tərənnüm etmək və eləcə də valideynləri məktəqəbədər təhsil və müvafiq yaşda uşaqların inkişafı barədə maarifləndirmək olub.

Tədbirlər Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb. Daha sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Həmçinin, hər 2 forumda tədbir başlamazdan öncə qonaqlar üçün uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub.

Daha sonra tədbir iştirakçıları “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi tərəfindən hazırlanan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı olan videoçarxı izləyiblər. Eləcə də forumda Heydər Əliyevin Azərbaycan təhsilində gördüyü işlər, uzaqgörənliklə söylədiyi konseptual fikir və tövsiyələri barədə söz açılıb.

Forumlarda Masallı, Astara, Lənkəran rayonlarının və Sumqayıt şəhərinin bir sıra icma əsaslı məktəqədər təhsil qruplarında təhsil alan uşaqlar şeirlər söyləyib, mahnılar ifa edib, rəngarəng rəqs çıxışları nümayiş etdiriblər.
Ümumilikdə forumlarda 8 spiker və 8 fərqli mövzuda çıxışlar olub.

Forumlarda Sumqayıt və Lənkəran rayon İcra Hakimiyyətinin və Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, yerli təhsil idarələrinin nümayəndələri, məktəb direktorları, bağça müdirləri, mədəniyyət işçiləri qonaq qismində iştirak ediblər.