“İnnovativ və strateji liderlik” təliminin bağlanış mərasimi keçirilib

Tarix: 28.05.2023
Paylaş:

26 may tarixində Azərbaycan Texniki Universiteti (AzTU), Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) “SABAH magistratura” proqramında təhsil alan bir qrup tələbəsi üçün təşkil edilən “İnnovativ və strateji liderlik” təliminin bağlanış tədbiri keçirilib. Tədbiri “SABAH magistratura” proqramının Dərsdənkənar fəaliyyətlər üzrə koordinatoru Kəmalə Səmədzadə açıq elan edərək, dərsdənkənar fəaliyyətlərin təhsilalanların peşə səriştələrinin formalaşdırılmasında, əldə edilən bacarıqların gələcək iş həyatında rolu barədə danışıb.

Təhsil İnstitutunun direktoru, “İnnovativ və strateji liderlik” təlimlərində təlimçi qismində çıxış edən Rüfət Əzizov strateji, innovativ düşüncə tərzi və dizayn təfəkkürünün peşəsindən asılı olmayaraq XXI əsrin hər bir mütəxəssisi üçün zəruriliyini vurğulayaraq, dünyanın aparıcı ali təhsil müəssisələrində bu istiqamətdə tədrisə xüsusi önəm verildiyinin təsadüfi olmadığını bildirib. O, təlim prosesi boyunca dəvət olunan ekspertlərin, təşkil olunan təlim səfərlərinin, startap layihələrinin nümayəndələri ilə görüşlərin də təlim proqramına üzvi şəkildə inteqrasiyasının tələbələrin şəbəkələşməsi, ünsiyyət və liderlik səriştələrinin formalaşmasında əhəmiyyətini qeyd edib. Yekunda R.Əzizov tələbələrə ehtiyac olduğu təqdirdə ARTİ-nin davamlı dəstəyinin göstəriləcəyini bildirib və həmçinin tövsiyələrini çatdırıb.

Təlimin bağlanış mərasimi sertifikatların təqdim edilməsi ilə davam edib. ARTİ-nin təşəbbüsü ilə BP tərəfindən tərcümə və nəşr edilərək təqdim olunmuş C. Mallisin “Yeni Biznes yolu testi” və Ç.A. Oreyli və M.L. Taşmanın “Liderlik et və qalib gəl” kitabları tələbələrə hədiyyə edilib.