EKSPOZİSİYA: BƏDİİ ƏSƏRDƏ YERİ VƏ ROLU

Tarix: 31.05.2023
Paylaş:

Ekspozisiya – bədii əsərin süjetində istifadə edilən və ya gərək olmadıqda imtina edilə bilən elementdir. Lakin əgər ekspozisiyadan istifadə edilirsə, o, mətndə vacib rol oynayır. Ekspozisiya klassik ədəbiyyatda əsərin əvvəlində verilməsinə baxmayaraq, hadisənin başlanğıcı olmadığı üçün giriş rolunu oynamır. Terminin etimologiyasından çıxış edərək onu ədəbiyyatşünaslıqda “şərh”, “izah”, “təqdimat” kimi qəbul edirlər.

Mətnin ekspozisiyası personajların portreti, xarakteri və onların keçmişləri, yaşayış yeri,  dövrü, mədəniyyətləri və s. haqqında məlumat verir. Mətndə bu elementin vəzifəsi oxucunu əsərdəki hadisə mühitinə daxil etməkdir.

Süjetin inkişaf xətti sxemlərində ekspozisiyanı düyündən (zavyazka) əvvəl görürük. Lakin əsərin qəhrəmanları və onların dünyasına aid yeni məlumatların çatdırılması məqsədilə onu mətn boyunca müxtəlif hissələrdə (giriş, orta/əsas, nəticə) müşahidə etmək mümkündür. Ekspozisiyanın işlənmə yeri və həcmi müəllif ideyası və əsərin həcmindən asılıdır. Kiçikhəcmli hekayədə geniş ekspozisiya (istisnalar olur – K.N.), irihəcmli əsərlərdə povest və romanlarda qısa ekspozisiya görmək çətindir.

Qəhrəmanlar və onların həyatı ilə bağlı məlumatlar  əsərin  zəruri məqamlarında verilməli olduğu üçün ekspozisiya mətnin hər üç tərkib hissəsində (giriş, orta/əsas, nəticə) istifadə edilə bilir. Məsələn, mətnin orta (əsas) hissəsində (kulminasiya) səhnəyə daxil edilən obraz haqqında təfərrüatlar məhz bu hissədə verilir.

Ekspozisiyanın üç növü öyrənilir: birbaşa, gecikmiş və əks.

Birbaşa ekspozisiya müəllifin lazım bildiyi bütün məlumatları əsas konfliktin düyün nöqtəsinə qədər əks etdirir. Burada o, məzmunundan asılı olaraq proloq rolunda da çıxış edə bilir. Əbdürrəhim bəy Haqverdiyevin “Mirzə Səfər” hekayəsinin ekspozisiyasını bu növə aid edə bilərik.  

Bəzən müəllif düşündüyü hadisənin bütün təfərrüatlarını öncədən verməyi lazım bilmir. Bu halda gecikmiş ekspozisiyadan istifadə edir. O, intriqanı gecikdirir  və yaxud məlumatların çoxluğundan onları hissələr arasında paylayaraq əks etdirir. Ə.Haqverdiyevin “Şeyx Şaban” əsərinin strukturuna daxil olan ekspozisiya bu növün mükəmməl nümunəsidir.

Əks ekspozisiya təfərrüatların – vacib məlumatların təhkiyənin sonuna saxlanmasıdır. Bu üsuldan, adətən, detektiv əsərlərin yazılmasında istifadə edilir. Əks ekspozisiya sayəsində oxucu əsərin əsas qəhrəmanından birinin motivləri haqqında məlumat alır ki, bununla da həmin personajın  əsas mənfi qəhrəman – hadisəni törədən cinayətkar olduğu üzə çıxır. Detektiv əsərlərə xas bu xüsusiyyət realist nəsrdə də təsadüf edilir. Azərbaycan klassik ədəbiyyatında bu nümunələrdən birini Cəlil Məmmədquluzadənin yaradıcılığında görürük. “Oğru inək” hekayəsinin sonunda verilmiş dialoq əks ekspozisiyadır və hadisənin zəminini əks etdirir:

 “Qoca kişi məktəbin qulluqçusu imiş. Biz qayıdıb otağa gəldik və qoca kişi də içəri girdi. Çubuğunu cibindən çıxartdı, doldura-doldura dedi:

– Mərdümazarın evini allah yıxsın! Zəhrimar olsun o xeyir ki, sən onu oğurluqnan qazanacaqsan! İnsan gərək düzlüklə bir parça çörəyi qazana. Oğurluqnan vallah-billah heç kəs bu dünyada bir şey sahibi olmayıb, bir xeyir-bərəkət sahibi olmaz. – Dedim:

– Ay əmi, sən kimin qarasınca danışırsan?

– O haramzada Musanı deyirəm. İndi odur, inəyin günündə gəzir.

– Necə ki?

– Necə olacaq, ilin iki ayını çöldə gəzir, on ayını dustaqxanada.

– Ay əmi, sən yəqin ki, onun əməllərindən eşitmiş olacaqsan. O özü oğrudur, bu öz qaydası ilə. Amma bu nə tövr olubdur ki, deyirlər onun özü kimi bir oğru inəyi də var imiş?

Burada qoca kişi çubuğunu bir bərk sordu və dedi:

– Hay-hay!.. Musanın nəyini görmüsən?! O heç maldar deyil. O inəyi də uşaq vaxtı çovdar malından oğurlamışdı. Gecələr evdə qalmazdı ki, inəyə də göz-qulaq olsun. Onun üçün də gecələr oğurluğa inəyi də aparardı. İnək də belə cins inəkdi. Bizlərdə heç elə heyvan yoxdur, deyəsən. Zəngəzur heyvanlarından idi. Qırışmal inəyi o qədər pambıq oğurluğuna gecələr apardı ki, inək də, neyləsin, heyvan olanda nə olar. Atalar demişkən: “Atı atın yanında bağlarsan, ya halını götürər, ya xasiyyətini”. Hə, bilirsən, ay ağa, o inəyin başı nələr çəkibdir, nə qədər ziyanlıqda tutulub, nə qədər kötək dəyib!? Gərək ki, bir buynuzu da sınmış ola; bir gözünü də Zülfüqar vurdu kor elədi”.

Bədii əsərin ekspozisiyası mətn boyunca müxtəlif hissələrdə verilməklə yanaşı, müəllifin məqsədindən asılı olaraq forma müxtəlifliyinə də malikdir.

Ekspozisiya mətndə hansı formalarda əks olunur?

Ekspozisiyanı mətnə üzvi surətdə daxil etməyin müxtəlif yolları var.

Təhkiyə vasitəsilə ekspozisiya mətnə hekayəni nəql edənin dilindən daxil edilir.  

Subyektiv təhkiyədə hekayənin əsas qəhrəmanın dilindən aparılması onun hiss-həyəcanının, münasibətinin ifadə edilməsi baxımından səmərəlidir. Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu” hekayəsinin başlanğıcında bu ekspozisiya formasına təsadüf olunur: “Qış fəsli idi. Hava şiddətli soyuq idi. Biz iki nəfər seyid, İran əhli, Araz çayından Rusiya torpağına keçib axşam vaxtı özümüzü yetirdik “Zurnalı” kəndinə. Vətəndə günümüz məşəqqət və korluqla keçirdi. Rus məmləkətinə səfər eləməyimizin səbəbi bu idi ki, buranın müsəlman əhalisindən həmişə mehribanlıq görüb əhli-əyalımıza az-çox ruzi əxz edib, vətənimizə geri qayıtmışıq. Allah razı olsun bu vilayətin müsəlmanlarından; ayda bir dəfə bunlara qonaq oluruq”.

 Üçüncü şəxsdə (obyektiv, tanrıvari baxış) aparılan təhkiyədə isə personajın özünün də bilmədiyi faktları ekspozisiyada əks etdirmək mümkündür. Ə.Haqverdiyevin “Mirzə Səfər” hekayəsinin geniş ekspozisiyasında bu formaya nümunələr var: “Səfər, doğrudan da, qızların xoşuna gələnlərdən deyildi. Fəqir, başıaşağı bir oğlandı, vurub-yıxan deyildi, belinə tapança bağlayıb, əlini belinə, papağını közünün üstünə qoyub gəzməzdi. Birçəklərini qotaz daramazdı, papiros çəkməzdi, aşurada başını yarmazdı, qaməti də mövzun deyildi. Belə adamları qızlar sevməzdilər”.

Xarakterin açılması, vəziyyətin şərh olunması personajların nitqi vasitəsilə həyata keçirilir. Bu zaman ekspozisiya özünü dialoq şəklində göstərir. Əbdürrəhim bəy Haqverdiyevin “Bomba” hekayəsində hadisədən əvvəlki situasiya haqqında məlumat vermək, həmçinin Kərbalayı Zalın xarakterini açmaq məqsədilə yazıçı dialoq-ekspozisiyadan istifadə etmişdir:

“Qorodovoy Kərbəlayi Zal iyirmi beş ildən artıq idi polis idarəsində xidmət edirdi. Onun arvadı hərdənbir deyərdi:

– A kişi, sənin saqqalına nə şaşka yaraşır, nə də şapka. Gəl sən bu qorodovoyluqdan əl çək! Bir balaca alış-verişə yapış. Bir baqqal dükanı aç!

Kərbəlayi Zal cavab verərdi:

– Arvad, sən hökumətin ləzzətini anlamırsan, Əgər səni qorodovoy eyləyələr, min il qulluqdan çıxmazsan; bir də, mən iyirmi beş ildən artıqdır ki, polis qulluğundayam. Bir-iki ildən sonra pensiyəm çıxacaq. Ondan sonra rahat əyləşib pensiyəni yeyərik.

Belə danışıqdan sonra arvad həmişə sakit olardı.

– Nə deyirəm, kişi, özün bil!”

Personajların emosiya,  xarakter  və təcrübələri haqqında məlumat vermək üçün onların daxili nitqindən, xatirələrindən istifadə edilir. Bu üsul onların daxili aləmini və ətrafla münasibətini aydınlaşdırmaq üçün uğurludur. Ə.Haqverdiyevin “Şeyx Şaban” hekayəsində ekspozisiyanın müxtəlif formalarına təsadüf etdiyimiz kimi, bu formanın da elementləri özünü göstərir:

“Xülasə, nə ərz edim, mədaxil yоlu bir deyil idi, beş deyil idi; bu evləri, düкanları yaranların hamısının başçısı başmaqçı оğlu Şəban idi. Şeyx Şəban cavanlığında məhəllə оğlanlarının arasında çоx gözəl sayılırdı. Özü nağıl edərdi кi, məhərrəm ayında başıaçıq dəstə başında durub bazarla gedəndə “Heydər!” – deyib başımı silкələyəndə birçəкlərim кi, üzümə töкülürdü, cəmi damlardan tamaşa edən arvadların, gəlinlərin, qızların ağılları başlarından çıxardı. Bu əhvalatı оna qоnşusu ağıçı Mələк nənə gəlib nağıl edərdi”.

Personajları əhatə edən ətraf gerçəkliyin təsviri qəhrəmanın mühiti haqqında təfərrüatları ehtiva edir. Müəllif bunun üçün şəhər dedi-qoduları, reportaj və ya müəmmalı məktubdan istifadə edir. Ə.Haqverdiyevin “Mirzə Səfər” hekayəsində proloq-ekspozisiyadan sonra Mirzə Səfərin portretinin təsvirinə xidmət edən ekspozisiyanı reportaj hesab edə bilərik. Bu hissədə müəllif  Mirzə Səfəri oxucunun göz önündə canlandırmaq üçün onun gündəlik həyat situasiyasının reportajını verir. Müəllif Mirzə Səfərin həyatına şahidlik etməklə başlayır: “Mirzə Səfərlə biz tanış olanda onun yaşı qırx beşlə əllinin arasında idi, özü də qəza dəftərxanasında qulluq edərdi”. Yazıçı bu reportaj-ekspozisiyada qəhrəmanının həyatından qısa epizodlar verir, gündəlik iş həyatından situasiyaları təsvir etməklə onun xarakterini açır. Rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun “Burun” povestində şəhər dedi-qoduları da ekspozisiyanın bu forması üçün gözəl nümunədir.   

Bir sıra hekayələr də var ki, onlarda ekspozisiyadan geniş istifadə olunmur. Personajların keçmişi təsvir edilmir, xarakterləri haqqında təfərrüatlara təsadüf edilmir. Belə əsərlərdə təfərrüatlar əsərin içində – hadisənin gedişatında: təhkiyə və dialoqda əridilir. Məsələn, “C.Məmmədquluzadənin “Poçt qutusu” əsərində yazıçı əsas qəhrəmanı haqqında əlavə məlumat vermək üçün ekspozisiyadan deyil, belə bir üsuldan istifadə edir:

“Bir qədər də xan arvadı ilə getmək barəsində söhbət edəndən sonra nökəri gəldi və xana dedi:

  — Xan, bu ulağ kimindi, bu şeyləri kim gətirib? – Xan cavab verdi:

  — Ədə, o şeyləri yerbəyer elə! Onları bizə itqapanlı Noruzəli sovqat gətirib”.

Ekspozisiyadan çox qısa istifadə və ya tamamilə ondan imtina daha çox obyektiv təhkiyə tipində yazılmış qısa hekayələrə xasdır.

NƏTİCƏ

Ekspozisiya süjetin kompozisiyasından asılı olaraq nəsr əsərlərinin istənilən hissəsində verilə bilir və bu baxımdan üç növü tanınır: birbaşa, gecikmiş və əks ekspozisiya. Əsərdə müəllif məqsədindən, ideyasından asılı olaraq ekspozisiya müxtəlif formalarda əks olunur: təhkiyə, dialoq, ətraf gerçəkliyin təsviri, personajların emosiya, xarakter və təcrübələrinin müxtəlif vasitələrlə çatdırılması və s. Ekspozisiyanın müxtəlif növ və formalarda əks etdirilməsi mətndə hadisə, obraz haqqında təfərrüatların maraqlı və oxunaqlı olmasına xidmət edir. Oxucunu əlavə təffərrüatlarla yormamaq üçün yazıçılar müxtəlif belə üsullardan istifadə edirlər.

Könül Aydın Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru

ARTİ MDPİM-in Əlavə təhsilin məzmunu şöbəsinin müdiri