SABAH qrupları məzunlarının uğur hekayələri

Tarix: 31.05.2023
Paylaş:

SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə ixtisasının ll kurs tələbəsi Məmmədova Albina noyabr ayında “Global UGRAD” proqramına müraciət etmiş, bütün seçim mərhələlərindən uğurla keçərək ölkə üzrə seçilmiş 3 tələbədən biri olmuşdur. Albina 2023/2024-cü tədris ilinin payız semestrində ABŞ-ın Kentukki ştatında yerləşən Murray State University-də təhsil alacaq.

Qeyd edək ki, “Global UGRAD” proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosu (ECA) tərəfindən maliyyələşdirilir. Bu proqram tələbələrin nəticələrinə əsasən təyin olunan ABŞ kollecləri və ya universitetlərində akademik təhsilin bir semestri üçün maliyyələşdirilən təqaüd proqramıdır.

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) SABAH qrupları İqtisadiyyat ixtisasının tələbəsi Fariz Məsimli 23 iyun-10 iyul tarixlərində Finlandiyanın Helsinki şəhərində keçiriləcək ”Avropanın Gənc Azərbaycanlı Dostları” Assosiasiyası İctimai Birliyinin (AYAFE – Association of Young Azerbaijani Friends of Europe) dəstəyi ilə könüllü olaraq Azərbaycan və Finlandiya arasındakı gənclər və mədəni mübadilə proqramına müraciət etmiş və rəsmi dəvət məktubu almışdır.

SABAH qrupları Bakı Dövlət Universitetinin (BDU) Tarix müəllimliyi ixtisasının IV kurs tələbələri Aysel Əliyeva, Fatimə Şirinova, Tərlan Tahirzadə, Azər Həndəmov “MDB-nin ən yaxşı gənc alimləri” sırasına daxil olublar. 20.05.2023 tarixində Qazaxıstan Respublikasının Astana şəhərində keçirilən “Ən yaxşı gənc alim-2023” beynəlxalq layihəsində Aysel Əliyeva “İskandarunun’s sanjak as the main problem between Turkey and France”, Fatimə Şirinova “The belief memory of the Turks”, Tərlan Tahirzadə “Glorious history of Azerbaijan”, Azər Həndəmov “Turkism and Azerbaijanism” mövzularında öz elmi məqalələri ilə təmsil olunublar.
Qeyd edək ki, “Ən yaxşı gənc alim-2023” beynəlxalq layihəsində bütün MDB məkanında elmin inkişafına əvəzsiz töhfə vermiş ən yaxşı tələbələr iştirak etmişlər. Bu layihənin əsas məqsədi gənc alimlərin ideyalarını, əhəmiyyətli və innovativ layihələrini, onların elmə maraqlarını müəyyən etmək, həmçinin elmin inkişafı üçün ümumi birləşdirici platforma yaratmaqdır.

SABAH qrupları Bakı Dövlət Universitetinin (BDU) Hüquqşünaslıq ixtisasının 2017-ci il məzunu, İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Məhəmməd Əsgərov 25 may 2023-cü il tarixində Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Vəkilliyə qəbul üzrə yazılı test imtahanında iştirak edən 317 namizəd arasında Respublika üzrə ən yüksək nəticə göstərərək 87 bal toplamışdır.