ARTİ MİP üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması çərçivəsində seminar və görüşlərin keçirilməsini davam etdirir

Tarix: 09.06.2023
Paylaş:

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) Məktəbin İnkişaf Planı (MİP) üzrə qarşıya qoyulan hədəflərin reallaşdırılması çərçivəsində seminar və görüşlərin keçirilməsini davam etdirir.

Bu məqsədlə 5-9 iyunda 18, 35, 38, 75, 154, 173 və 301 nömrəli tam orta məktəblərdə “Sinfin idarə olunması” adlı seminarlar keçirilib. Seminarların keçirilməsində məqsəd iştirakçılara sinfin idarə edilməsi məsələlərində zəruri biliklər vermək, onlarda ilkin bacarıq və vərdişlər formalaşdırmaqdır.

Seminarlarda məktəbin idarəetmə heyəti, metodbirləşmə rəhbərləri, Azərbaycan dili, ibtidai sinif və riyaziyyat müəllimləri daxil olmaqla ümumilikdə 197 nəfər iştirak edib. Seminarlar ərzində iştirakçılarla sinfin idarə olunmasının mahiyyəti, sinfə nəzarəti təmin etmək üçün intizam modelləri və mənfi davranışların qarşısının alınması yollarının müəyyənləşdirilməsi, həmçinin bununla bağlı tövsiyələr, praktikada sinfin idarə edilməsi üsulları, sinif qaydaları və prosedurlarının hazırlanması mövzuları müzakirə olunub.

İnteraktiv formada təşkil edilən seminarlarda iştirakçılara təlim prosesində qarşılaşdıqları problemləri başvermə tezliyinə görə sıralamaları tapşırılıb və müəllimlər tərəfindən təklif edilən həll yolları müzakirə edilib.

Seminarların yekununda isə iştirakçıların sualları cavablandırılıb.