ARTİ-nin doktorantları və müvafiq şöbələrinin əməkdaşlarının akademik tədqiqat haqqında bilik və bacarıqlarının artırılması məqsədilə “Optimal Solutions” MMC-nin təlim mərkəzi tərəfindən təlimlər keçirilir. Qeyd edək ki, layihə çərçivəsində təlimlər yekunlaşdıqdan sonra iştirakçıların tanınmış beynəlxalq jurnallarda nəşr olunmaq məqsədilə məqalələr yazması üçün mentorluq fəaliyyətinin göstərilməsi də nəzərdə tutulub. Layihənin əsas məqsədi isə Azərbaycanda təhsil sahəsində yüksək keyfiyyətli tədqiqatların artmasına nail olmaqdır.
Təlimlər ümumilikdə 27 nəfərdən ibarət 2 qrup üçün “Akademik yazı”, “Tədqiqat metodları” və “Statistik və analitik təhlil” modullarından ibarətdir.
23 may tarixində başlayan “Tədqiqat metodları” təlimləri 9 iyun tarixində yekunlaşıb.
Təlimləri “Optimal Solutions” MMC-nin təlimçisi və eyni zamanda ADA Universitetinin baş müəllimi, Dövlət idarəetməsi üzrə bakalavr və magistr proqramının direktoru vəzifəsində çalışan Lalə Cumayeva tədris edib.
Sonda təlimləri uğurla bitirən 26 nəfərə sertifikat təqdim olunub.
Nəzərinizə çatdıraq ki, “Statistik və analitik təhlil” moduluna payız aylarında başlanılması nəzərdə tutulub.