XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

Tarix: 13.06.2023
Paylaş:

13 iyunda Bakı Dövlət Universitetində XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib.

İmtahanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş III Məktəblilərarası Astronomiya Olimpiadasının qalibləri iştirak edib.

Nəzərinizə çatdıraq ki, III Məktəblilərarası Astronomiya Olimpiadası Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Təhsil İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsi tərəfindən, şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlanması məqsədi ilə keçirilib. Olimpiadanın qalibləri Bakı Dövlət Universitetində təşkil olunmuş Astronomiya dərslərinə cəlb olunub. Seçmə imtahanı da bu dərslərdə öyrənilmiş biliklər əsasında təşkil edilib.

İmtahan nəticəsində seçilən 5 nəfərdən ibarət komanda 10-20 avqust tarixlərində Polşada keçiriləcək XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək. Seçilən şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadanın keçirilmə tarixinə qədər davam edəcək.

Qeyd edək ki, III Məktəblilərarası Astronomiya Olimpiadası və Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumun dəstəyi ilə həyata keçirilir.