“Azərbaycan məktəbi” jurnalı təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı müzakirə təşkil edib

Tarix: 14.06.2023
Paylaş:

“Azərbaycan məktəbi” jurnalı təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı müzakirə təşkil edib.

Elm və Təhsil Nazirliyinin “Azərbaycan məktəbi” jurnalı iyunun 14-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun mütəxəssisləri ilə “Təhsilverənlərin sertifikatlaşdırılmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda müzakirə təşkil edib. Müzakirədə ARTİ-nin direktor müavini Könül Abaslı, Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı, “Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərov və “Azərbaycan məktəbi” jurnalının redaksiya heyəti iştirak edib.

Jurnalın baş redaktoru Arzu Soltan giriş sözü ilə çıxış edərək müzakirə olunacaq mövzunun müəllimlərin sertifikatlaşdırılması ilə bağlı təhsil ictimaiyyəti arasında yaranan fikirlərə aydınlıq gətirəcəyinə ümid etdiyini bildirib. Müəllimlərin sertifikatlaşdırılmasının təhsildə bir islahat olduğunu qeyd edərək dünyanın hər yerində təhsil islahatlarının mürəkkəb proses olduğunu vurğulayıb. O, müzakirə iştirakçılarının təhsilverənlərin sertifikatlaşdırmasının təhsil prosesinə necə təsir göstərəcəyi ilə bağlı fikirlərini səsləndirməyi xahiş edib.

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva sertifikatlaşdırma mövzusunun 2020-ci ildən bəri gündəmdə olduğunu, pandemiya dövründə imtahanlara hazırlıqların davam etdiyini və mexanizm işləndikdən sonra artıq ilk imtahanın keçirildiyini bildirib. O, “Müəllimi qiymətləndirmək – təhsili qiymətləndirməkdir” ideyasından yola çıxaraq hazırlanan sertifikasiya imtahanının əsas məzmunu və əhəmiyyəti haqqında ətraflı məlumat verib. İmtahanda müəllimdən tədris etdiyi fənni yüksək səviyyədə bilməklə yanaşı, öyrətmə bacarığının qiymətləndirilməsinə önəm verildiyini söyləyib. Prosesin 2026-cı ilə qədər davam edəcəyini və qiymətləndirmə nəticəsində əldə olunan məlumatların gələcəkdə təhsilverənin peşə standartlarında öz əksini tapacağını vurğulayıb.

ARTİ-nin direktor müavini Könül Abaslı şagirdlərlə işləyən müəllimlərdə XXI əsr bacarıqlarının olmasının vacibliyindən danışıb. Bu istiqamətdə ən böyük çətinliyin isə dəyişikliklərə açıq olmamağımızdan irəli gəldiyini və yaranan qeyri-müəyyənliklərdən azad olmağın əsas yolunun maariflənmədən keçdiyini bildirib. Burada həmçinin müəllimlərin ömürboyu təhsilinin vacibliyi vurğulanıb.

ARTİ-nin Təhsildə strateji tədqiqatlar şöbəsinin müdiri Leyla Sultanlı şöbənin əsas fəaliyyətinin beynəlxalq təcrübənin araşdırılması və yerli mühitə uyğunlaşdırılması olduğunu qeyd edib. Bununla əlaqədar xarici ölkələrdə müəllimlərin sertifikatlaşdırılmasının əsas bir neçə məqsəd daşıdığını, onların peşəkarlığın artırılması və karyera yüksəlişi ilə əlaqəli olduğunu bildirib. O, qeyd edib ki, peşəkarlıq peşə standartı əsasında ölçülür, burada rəğbətləndirmə və karyera yüksəlişi önə çəkilir. Beynəlxalq təcrübədə sertifikatlaşdırma konkret bir vaxta bağlı olmur və özünüinkişafa meyilli müəllim karyerasını yüksəltmək və sertifikasiya imtahanı vermək üçün müraciət edərək öz portfoliosunu zənginləşdirir.

“Azərbaycan müəllimi” qəzetinin şöbə redaktoru Şakir Cəfərli forumun səmərəli olduğunu və bir çox məqamları aydınlatdığını qeyd edərək, tədbirə həm təhsil işçisi, həm də jurnalist kimi qatıldığını bildirib. O, çıxışında maarifləndirmənin əhəmiyyətindən, çalışdığı qəzetin bu istiqamətdə gördüyü işlərdən danışıb.

Görüşdə “Azərbaycan məktəbi” jurnalının şöbə redaktoru Zemfira Məmmədqızı da ekspertlərə suallarını ünvanlayıb: Sertifikatlaşma imtahanı zamanı müəllimin psixoloji yanaşmasını müəyyənləşdirilən suallar verilirmi? Bu günün tələbləri təhsil sistemində peşə standartlarının hazırlanmasını tələb edir. Bu sahədə hansı işlər görülür? Suallar ekspertlər tərəfindən cavablandırılıb.

İştirakçılar “Azərbaycan məktəbi” jurnalının müəllimlərin fərqli metodikalarını bölüşə biləcəyi bir platforma olduğunu vurğulayıblar.

Görüşün sonunda “Azərbaycan məktəbi” jurnalının baş redaktoru Arzu Soltan forumda gələcəyimiz olan şagirdlərimizin bilikli, savadlı, milli-mənəvi dəyərlərimiz ruhunda əsl şəxsiyyət kimi yetişməsində müəllimlərimizin əvəzsiz rolunu bir daha vurğulayıb. Növbəti görüşlərdə müəllimlərin sertifikatlaşdırılması və təhsil islahatlarına həsr olunmuş həlli vacib məsələlərin gündəmə gətirilərək müzakirə olunacağını qeyd edib.