ARTİ MDPİM tərəfindən məktəblərə metodik dəstəyin göstərilməsi davam etdirilir

Tarix: 25.06.2023
Paylaş:

Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən məktəblərə metodik dəstəyin göstərilməsi davam etdirilir.

22-24 iyun tarixlərində Məktəbin İnkişaf Planı (MİP) çərçivəsində məktəb psixoloqları üçün təlimlər keçirilib. “Məktəbdə psixoloji işin təşkili” adlı təlimlərdə 10 təhsil müəssisəsi (18, 35, 38, 51, 75, 154, 173, 178, 227 və 301 nömrəli tam orta məktəblər) üzrə 14 psixoloq iştirak edib.

Təlimlərdə iştirak edən müdavimlər zorakılıq və onun kateqoriyaları, şagirdlərdə müşahidə olunan davranış pozuntuları, fiziki göstəricilərə əsasən onların psixoloji vəziyyətinin müəyyən edilməsi, məktəblilərlə səmərəli ünsiyyət formasının seçilməsi, dostluq münasibətləri, sosiallaşmaqla bağlı çətinliklər, akademik göstəricilərdə yaranmış dəyişikliklər zamanı narahatlıqların aşkar edilməsi, psixososial müdaxilələr zamanı yardım protokolları haqqında bilik və bacarıqlara yiyələniblər.

İnteraktiv formada təşkil edilmiş təlimlər zamanı narahatlıqların davranış və fiziki göstəricilərə əsasən aşkar edilməsi ilə əlaqədar bir sıra qrup işləri, situativ tapşırıqlar icra olunub, müəllimlərin sualları cavablandırılıb.

Sonda müdavimlərin növbəti tədris ili üçün fəaliyyət planlarında nəzərə almalı olduqları məsələlər haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, MİP çərçivəsində ümumilikdə 20 məktəbdə adıçəkilən təlimlər üzrə fəaliyyətlərin davamlı şəkildə həyata keçirilməsi planlaşdırılır.