İsmayıllı rayonunda qiymətləndirmə düşərgəsinə start verilib

Tarix: 05.07.2023
Paylaş:

Təhsil İnstitutunun və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 5 iyul tarixində İsmayıllı rayonunda qiymətləndirmə düşərgəsinə start verilib. Düşərgənin təşkil edilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, onlarda səriştəəsaslı bilik və bacarıqları formalaşdırmaqdır.

Düşərgəyə Ağsu və İsmayıllı rayonundan 25 müəllim qatılıb. Açılışda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev regional idarənin fəaliyyəti barədə məlumat verməklə yanaşı Təhsil institutu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib.

Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva da öz növbəsində Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarındakı iştirakı və bu qiymətləndirmələrin əhəmiyyətindən söz açıb.

Düşərgənin ilk günündə müəllimlər oxuyub-anlama üzrə nümunə mətn və tapşırıqlarla tanış olub. Əlavə olaraq, onlar qrup işlərinə cəlb olunmaqla mətn üzərindən səriştələrin təyininə dair fəaliyyətlərdə iştirak ediblər.

Qeyd edək ki, qiymətləndirmə düşərgəsi iyulun 7-dək davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.