6-13 iyul 2023-cü il tarixlərində Yaponiyada 64-cü Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil ediləcək. Sözügedən olimpiadaya hazırlığın son mərhələsinin tamamlanması məqsədi ilə məktəblilərimiz 16 iyun-6 iyul 2023-cü il tarixlərində Çin Xalq Respublikasında təşkil edilən Beynəlxalq Riyaziyyat Olimpiadasına hazırlıq kampında iştirak ediblər.
Düşərgədə problemlərin həlli bacarıqları üzrə intensiv təlimlər keçirilib, həmçinin mühazirələr, seminarlar, təcrübə sessiyaları və sınaq müsabiqələri də təşkil edilib.
Düşərgə eyni zamanda məktəblilərimizə dünyanın hər yerindən həmfikir həmyaşıdları ilə görüşmək və rəqabətli mühitdə inkişaf etmək və dəyərli təcrübə qazanmaq üçün şərait yaratmışdır.
Düşərgəyə əvvəlki tədris ilində Beynəlxalq Riyaziyyat Olimpiadasında yüksək nəticə göstərmiş 40 ölkənin məktəbliləri dəvət edilib.
Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komanda üzrə fəaliyyətlər tədris ilinin əvvəlində Respublika Fənn Olimpiadaları qalibləri dəvət edilməklə keçirilən seçmə imtahanı ilə başlayır və şagirdlərin il ərzində müxtəlif olimpiada mövzularını əhatə edən mühazirə və müsabiqələrə cəlb edilməsi ilə davam edir. Son mərhələdə isə təşkil edilən 2 seçmə imtahanı vasitəsilə ölkəmizi sözügedən yarışda təmsil edəcək komanda müəyyən olunur.