10 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorantura və dissertanturaya qəbul imtahanlarının birinci mərhələsi olan xarici dil fənnini uğurla vermiş iddiaçılar ilə görüş keçirilib.
İlk olaraq institutun direktoru Rüfət Əzizov birinci mərhələni uğurla keçmiş iddiaçıları təbrik edib və onlara uğurlar arzulayıb. R.Əzizov daha sonra Azərbaycan Respublikasının Təhsil İnstitutunda doktorant, dissertant və elmi kadr hazırlığı məsələlərində institutun əsas hədəfləri barədə məlumat verib.
Elmi-pedaqoji kadrların hazırlanması şöbəsinin müdiri, professor Hümeyir Əhmədov doktoranturaya qəbul imtahanının növbəti mərhələləri, fəlsəfə və ixtisas fənlərindən imtahanların keçirilmə qaydaları, fənn proqramları barədə iddiaçıları məlumatlandırıb.
Elmi katibliyin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova isə fəlsəfə fənnindən qəbul imtahanında iddiaçıların qarşılaşa biləcəyi çətinliklər, imtahanın gedişatı, proqram materialını əhatə edən ədəbiyyat və iddiaçıların rast gəldiyi problemlərin həlli ilə bağlı istiqamətlər verib.
Daha sonra iddiaçıları maraqlandıran suallar cavablandırılıb.