“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 2-ci komponenti üzrə Peşəyönümü Kompetensiya qrupunun ilk görüşü keçirilib

Tarix: 17.07.2023
Paylaş:

12 iyulda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsinin 2-ci komponenti üzrə Peşəyönümü Kompetensiya qrupunun ilk görüşü keçirilib.

Tədbirin məqsədi Azərbaycanda təhsil sistemində peşəyönümü xidmətinin hazırkı vəziyyətini qiymətləndirmək və gələcək inkişaf perspektivlərini araşdırmaq olub.

İlkin olaraq ARTİ-nin Təhsildə innovasiyalar şöbəsinin müdiri, eyni zamanda layihənin koordinatoru Abutab Abbasova açılış nitqi səsləndirərək layihənin və sözügedən qrupun məqsədləri barədə məlumat verib və qrupun üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Layihənin komanda rəhbəri Rainer Gerke və ikinci komponentin eksperti Mariana Matake də öz növbələrində çıxışlarını edib, qrupdan gözləntilər və fəaliyyət planı və rejimi barədə məlumat veriblər. Görüşün ikinci sessiyasında Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva peşəyönümü ilə əlaqədar Milli Kvalifikasiyalar Çərçivəsinin 5-ci səviyyəsində mövcud vəziyyət də daxil omaqla Azərbaycanın milli təhsil sistemi barədə çıxış edib. Son olaraq kompetensiya qrup iştirakçıları peşəyönümünün mərhələləri, insan resursu və infrastruktur, monitorinq və keyfiyyətin təminatı mövzuları üzrə qrup işlərinə cəlb olunublar.

Sözügedən qrupa Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Təhsildə Keyfiyyət Təminatı Agentliyi, Dövlət İmtahan Mərkəzi, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası, Həmkarlar İttifaqı və ali və orta təhsil müəssisələrinin nümayəndələri daxildir. Kompetensiya qrupunun üzvlərinin hər üç aydan bir görüşməsi nəzərdə tutulub. Görüşlər arasında isə təcili diqqət və xüsusi təcrübə tələb edən konkret fəaliyyətləri icra etmək üçün İşçi Qruplar təşkil olunacaq.

Peşəyönümü Kompetensiya Qrupunun əsas məqsədi peşəyönümü xidməti ilə bağlı qanunvericilik bazası üçün təkliflərin hazırlanmasına fəal töhfə verməkdir. Bundan əlavə, peşəyönümü xidməti üzrə baş təlimçilərin seçilməsi və bacarıqlarının artırılmasına diqqət yetiriləcək, komanda tərəfindən təlimatların, dərs vəsaitlərinin və digər materialların effektivliyini yoxlamaq üçün 10 təhsil müəssisəsində pilot proqram həyata keçiriləcək.

Sözügedən Kompetensiya Qrupunun kollektiv təcrübəsindən və fikirlərindən istifadə etməklə, Azərbaycanın təhsil sistemi peşəyönümü istiqaməti üzrə diqqətəlayiq irəliləyişlərə nail olmaq, beləliklə, fərdlərə öz peşəkar istiqamətləri haqqında əsaslandırılmış qərarlar qəbul etmək imkanı vermək məqsədi daşıyır. Komandanın hərtərəfli yanaşması və əsas maraqlı tərəflərlə əməkdaşlığı Azərbaycanda təhsil sisteminin davamlılığını və effektivliyini artırmaq üçün güclü öhdəliyi ifadə edir.