“Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Müəllimlərin idarəolunması işçi qrupunun ilkin görüşləri baş tutub

Tarix: 20.07.2023
Paylaş:

18-19 iyul tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) benefisiar olduğu Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda təhsil sisteminin dayanıqlığının gücləndirilməsi və AzMKÇ 5-ci səviyyə kvalifikasiyalarının təkmilləşdirilməsi üçün Elm və Təhsil Nazirliyinə dəstək” adlı texniki yardım layihəsi çərçivəsində Müəllimlərin idarəolunması işçi qrupunun ilkin görüşləri baş tutub.

Tədbirin məqsədi qrup üzvlərini müəllimlərin işə qəbul prosesi, onların peşəkar inkişafı, onlara metodik dəstəyin göstərilməsi, sertifikatlaşdırma və davamlı qiymətləndirilməsi sahəsində Avropa İttifaqı və inkişaf etməkdə olan ölkələrin təcrübəsi ilə tanış etmək, bu sahədə Azərbaycanda mövcud təcrübəni təhlil etmək, müəllimlərin inkişafı və metodik dəstək konsepsiyasının strukturunu müəyyən etmək və qrup üzvləri üçün potensialın gücləndirilməsi proqramını hazırlamaq olub.

İlkin olaraq ARTİ-nin direktor müavini Ülkər Babayeva açılış nitqi səsləndirərək layihənin və sözügedən qrupun məqsədləri barədə məlumat verib və qrup üzvlərinə fəaliyyətlərində uğurlar arzulayıb. Layihənin komanda rəhbəri Rainer Gerke öz çıxışında layihənin icmalı barədə qısa məlumat verib və Almaniyada müəllimlərin davamlı peşəkar inkişafı və peşə məktəblərinə metodiki dəstək göstərilməsindən bəhs edib. Layihənin üçüncü komponentinin eksperti Boris Curkoviç də öz növbəsində çıxış edərək qrupdan gözləntilər, fəaliyyət planı və rejimi barədə məlumat verib. Daha sonra layihənin baş eksperti Maya Jukiç və Boris Curkoviç öz ölkələri, Xorvatiya və Bosniya və Herseqovina haqqında müəllimlərin peşəkar inkişafı ilə bağlı çıxış edib.

Görüşün ikinci günündə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin direktoru Nəzakət Mehdiyeva Azərbaycanda müəllimlərin peşəkar inkişafı və onlara metodik dəstək göstərilməsi, İnsan resursları mərkəzinin Kommunikasiya və koordinasiya şöbəsinin müdiri Muxtar Hacıyev Azərbaycanda müəllimlərin işə qəbulu, sertifikatlaşdırma və davamlı qiymətləndirmə prosesindən danışıb. Görüşün ikinci hissəsi qrup işi ilə davam edib və iştirakçılar onlara verilən mövzularını təqdim edib.

Qeyd edək ki, sözügedən işçi qrupunun 32 üzvü var.