15-21 iyul tarixlərində İsveçin Lund şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI 2023) məktəblilərimiz uğurla çıxış ediblər. 52 ölkə üzrə 189 şagirdin iştirak etdiyi beynəlxalq müsabiqədə 4 məktəbli ilə təmsil olunan komandamız 1 qızıl və 1 gümüş medal qazanıb.
Sözügedən yarışda Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Hüseynova qızıl, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fidan Qarayeva isə gümüş medala layiq görülüblər.
Qeyd edək ki, Beynəlxalq İnformatika Olimpiadasına oxşar qaydalar əsasında təşkil olunan bu yarışmanın gənc xanım iştirakçıları təqdim olunan tapşırıqları effektiv alqoritmlər hazırlayaraq həll etməlidirlər. Bu olimpiadanın məqsədi həm informatika fənninə və komputer elmlərinə qarşı qızların marağının artırılması, həm də İnformasiya Texnologiyaları sahəsinə xanımların cəlb olunaraq onların gələcək mütəxəssis kimi yetişdirilməsidir.
2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell” MMC-nin Elm və Təhsil Nazirliyi ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir. Bu müddət ərzində ölkəmizi təmsil edən məktəblilərimiz müxtəlif miqyaslı beynəlxalq olimpiadalarda uğurla çıxış edərək 3 qızıl, 14 gümüş və 36 bürünc olmaqla ümumilikdə 53 medal əldə ediblər.
Şagirdlərimizi təbrik edir və onlara uğurlar arzulayırıq!