Məktəbəhazırlıq qruplarında uşaqların diqqətini təlimə сəlb etməyin yolları

Tarix: 27.07.2023
Paylaş:

Təlim zamanı kiçikyaşlı uşaqların  diqqət yayınıqlığının öhdəsindən gəlməkdə və bütün qrupun diqqətini toplayaraq sakitlik yaratmaqda çətinliklə üzləşmək tez-tez baş verən normal haldır. Ancaq tədricən qrupdakı uşaqları daha çox tanımaqla, həm onların fərdi xüsusiyyətlərinə, həm də ümumi qrupun dinamikasına uyğun olan üsullardan istifadə etməklə bu çətinliklərin öhdəsindən gəlmək mümkündür. Məşğələ zamanı uşaqların diqqətinin yayındığı və qrupda qarışıqlıq yarandığı halda təşvişə düşmədən aşağıda qeyd olunmuş yollarla nizamlı və təhlükəsiz öyrənmə mühiti yarada bilərsiniz.

  1. Qeyri-verbal siqnallardan istifadə edin. Qrupda yaranmış “səs-küy”ə öz səsinizi də əlavə etməmək üçün qeyri-verbal siqnallardan istifadə edə bilərsiniz.

Səssiz dayanın. Bəzən qrupun diqqətini yenidən cəmləşdirməyin ən yaxşı yolu danışmağı dayandıraraq susmaqdır. Bunun üçün təxmini 10 saniyəyə qədər gözləmək kifayətdir. Bu müddət ərzində uşaqlara maraqlı gələcək: Görəsən, nə baş verir? Görəsən, müəllim niyə dayandı?

“Səssizlik” jestlərindən istifadə edin. Bu jestlər barmağınızı burnunuza, əlinizi başınıza və ya çənənizin altına qoymaq kimi sadə hərəkətlər ola bilər. Asanlıqla təkrar edilən və yadda saxlanılan istənilən jestlərdən istifadə edə bilərsiniz. Uşaqlar yavaş-yavaş etdiyiniz hərəkəti təqlid etməyə başlayacaqlar. Təqlid etməyənlər belə digər uşaqların sizi təqlid etdiyini görüb sakitləşəcək və sizə diqqət etməyə başlayacaqlar. Nəzərə alın ki, yenidən danışmağa başlayanda jestdən istifadə etməyi dayandırmalısınız. Jestinizin xüsusi səssizlik gücünü itirməsini istəməzsiniz.

Uşaqlar danışdıqları, əyləndikləri zaman sizin “Səssiz olun!” siqnalınızı görüb narahat ola bilərlər. Çünki heç kim “Sakit olun!” deyilməsini və əyləncənin bölünməsini xoşlamaz. Əgər uşaqlardan sadəcə sakit qalıb müəllimin qaydalarına əməl etmək istənilirsə, bu vəziyyət tezliklə onları bezdirə bilər. Ancaq uşaqlar bu siqnalın əyləncəli bir şeyin başlanğıcı olduğunu düşünsələr, daha çox sizə qoşulacaq və sizi daha tez dinləməyə başlayacaqlar. Bunun üçün “Səssiz olun!” siqnalından sonra aşağıdakı fəaliyyətləri etmək olar:

  1. Təlimatlar vermək. Uşaqlara hərəkət etmələri üçün təlimat vermək onların diqqətini cəmləməkdə başqa bir təsirli üsuldur. Başlanğıc üçün sadə təlimatlardan (“Başınızı tutun”, “Dizlərinizə toxunun” və s.) istifadə edin. Sonra təlimatları bir az qəlizləşdirin (“Fırlanın”, “Velosiped sürürmüş kimi edin” ) və sonda “Xahiş edirəm, əyləşin” təlimatı ilə bitirin.

Təlimatları sakit səslə vermək ən effektiv yoldur. Sizə yaxın olan uşaqlar səsinizi asanlıqla eşidib oynamağa başlayacaqlar. Yavaş-yavaş digərləri də onlara qoşulacaqlar. Beləcə, bütün qrup heç bir qarışıqlıq olmadan və sakit şəkildə dediklərinizi yerinə yetirə biləcək.

  1. Çağırış və cavab. Diqqətçəkən, səmərəli üsul maraqoyadıcı, cəlbedici olmalı və fiziki aktivlik nümayiş etdirməlidir. Əgər uşaqların etməli olduğu bir hərəkət varsa, bu hərəkət edildiyi zaman kimin dinləyib və ya dinləmədiyini müşahidə edə bilərsiniz, eyni zamanda, uşaqlar da bu yolla bir-birlərinə diqqət edərlər. Beləliklə, onlar sizin çağırışınızı eşitməmiş olsalar belə, dinləmək vaxtının gəldiyini başa düşürlər. Aşağıda bəzi misallar verilib. Siz öz yaradıcılığınızdan istifadə edərək qrupunuza uyğun daha fərqli və maraqlı üsullardan istifadə edə bilərsiniz. Əsas odur ki, siz verilmiş cümlənin birinci hissəsini deyərək uşaqları səsləyəsiniz (çağırış), sonra isə uşaqlar ikinci hissəni sizə cavab olaraq səsləndirsinlər, ya da dediyinizi etsinlər. Təbii ki, bu üsullardan istifadə etmək üçün əvvəlcə uşaqlara bunu öyrətmək lazımdır. Bu üsullar musiqi ritmi əlavə edildikdə daha səmərəli olur. Səsin tonunda dəyişikliklər etmək uşaqların diqqətini daha çox çəkəcək.
  1. Ritmlə əl çalmağa başlayın. Məsələn, əvvəlcə, 2 dəfə yavaş, sonra 3 dəfə möhkəm. Bu, uşaqların diqqətini çəkəcək. Uşaqlar sakitləşib, etdiklərinizi təkrarlayana qədər bunu etməyə davam edin. Ritmləri istədiyiniz kimi dəyişdirə bilərsiniz. Əsas odur ki, uşaqlar ritmi yadda saxlayıb təkrarlaya bilsinlər.
  2. Dondurma oyunu. Uşaqlara “dondurma” oynunu oynayacağınızı və 3-ə qədər sayıb bitirdiyinizdə oyuna başlayacaqlarını, buz kimi donub qalmalı olduqlarını deyin. Siz 3 deyən kimi əlinizi yumruq şəklində havaya qaldırın. Uşaqlar hər danışdıqda və ya hərəkət etdikdə onların rahatlıqla görə biləcəyi şəkildə bir barmağınızı qaldırın. Yumruğunuzu tam açana qədər oyuna davam edin. Burada əsas məqsəd uşaqların ən çox nə qədər sakit qala biləcəklərini görməsidir. Oyunun sonunda onlara nə qədər müddət sakit qala bildiklərini başa düşəcəkləri dildə bildirin. Növbəti gün uşaqlar bu oyunu oynadıqları zaman daha uzun müddət sakit qalmağa çalışacaqlar.
  3. Uşaqları təəccübləndirin. Onların gözləmədiyi bir şeyi etməklə diqqətlərini çəkə bilərsiniz. Nə edəcəyiniz sizin şəxsiyyət tipinizdən, yaradıcılığınızdan və sinfinizin xüsusiyyətindən asılıdır. Qəfildən yerdə oturmaq, başınıza gülməli papaq qoymaq, bir kukla çıxarıb onunla sakitcə danışmağa başlamaqla bunu edə bilərsiniz. Bir stul götürüb ən öndə oturmaq əvəzinə, ən arxada oturmaq da ola bilər.

Növbəti fəaliyyətlə bağlı uşaqlarda maraq və şübhə yaradaraq da onların diqqətini cəlb edə bilərsiniz. Məsələn, əgər öyrədici kartlardan istifadə edirsinizsə, kartın kiçik bir hissəsini göstərərək, ya da böyük həyəcan və təəccüblə karta baxaraq onlarda maraq yarada bilərsiniz. Məşğələ zamanı istifadə edəcəyiniz materialı qutu və ya çantanın içərisində gizlətməklə də bunu etmək olar. Qutunun içi uşaqlara maraqlı gələcək və tez bir zamanda onun içində nə olduğunu öyrənmək istəyəcəklər.

  1. Mahnılar. Uşaqlara tanış olan mahnını oxumağa başlamaq onların diqqətini cəlb etmək üçün başqa bir üsuldur. Diqqəti yenidən toplamaq məqsədi ilə istifadə edilən mahnılardan ən effektiv olanı hərəkət bildirən sözlərə malik olandır. Yaradıcılığınızdan istifadə edərək sinfiniz üçün yeni bir mahnı yarada bilərsiniz.
  2. Otaqdakı mövqeyinizə diqqət edin. Otaqda müxtəlif fəalliyətlərlə məşğul olmaq üçün fərqli sahə(lər) təyin edin. Bu sahədə uşaqlar bilməlidirlər ki, onların diqqəti sizdə olmalıdır. Bu, əslində, qeyri-verbal siqnalın başqa bir formasıdır. Mövqe təyin etmək dedikdə lövhənin qarşısında durmaq, ya da xüsusi olaraq təyin etdiyiniz yerdə əyləşmək nəzərdə tutulur. Hansı mövqeni seçməyiniz sizin fəaliyyətinizdən, qrupun xüsusiyyəti və şəraitdən asılıdır. Əgər siz məşğələlər üçün təyin etdiyiniz yerdəsinizsə, uşaqlar artıq sizə qulaq asmaq və birlikdə nə isə etmək vaxtının gəldiyini bilməlidirlər. Beləcə, diqqətlərini sizə yönləndirəcəklər.
  3. Mükafat lövhəsi. Bunu çətin qruplarda etmək daha effektiv ola bilər. Bunun üçün 3 fərqli (xoşbəxt, neytral və üzgün) smaylik və uşaqların adlarının yazıldığı müxtəlif rəngli kartlar lazımdır. Oxumağı bacarmayan uşaqlar kartların rəngindən hansının öz adı olduğunu biləcəklər. Məşğələnin əvvəlində davamiyyətin yoxlanılması prosesi kimi uşaqların adlarını çəkin və eyni zamanda onların sakit oturduqlarını, diqqətli olduqlarını sözlərinizlə və jestlərinizlə bildirib bir-bir adları olan kartları “xoşbəxt” smaylikin altına yerləşdirin. Məşğələ müddətində kiminsə diqqətinin başqa yerdə olduğunu gördüyünüz və onu fəaliyyətə cəlb etməkdə çətinlik çəkdiyiniz zaman yavaş-yavaş smayliklərin olduğu lövhəyə yaxınlaşaraq o uşağın adını “neytral” smaylikin altına yerləşdirin. Uşaq dərhal bunu görəcək, ya da yoldaşları görüb ona deyəcəklər. O, buna fikir verərək bir az özünü toplayacaq. Belə olduqda artıq siz onun adını “üzgün” smaylikə keçirməli olmayacaqsınız. Daha sonra uşağın diqqətli olduğu anı tutmağa çalışın ki, adını yenidən “xoşbəxt” smaylikə keçirə biləsiniz.

Bu metod uşaqların özünəhörmətini və özgüvənini zədələyə biləcəyi üçün, xüsusilə, qrupda diqqət problemi olan uşaqlar varsa, çox ehtiyatla istifadə olunmalıdır.

Yuxarıda qeyd olunanları tətbiq edərkən bunlara diqqət etmək lazımdır:

Unutmayın ki, qrupdakı hər bir uşağa yaxından bələd olmağınızın onları həvəsləndirərək təlimə cəlb etməyinizdə böyük faydası olacaq.

Məktəbəhazırlıq qruplarında uşaqların diqqətini çəkmək üçün faydalı üsullar

Cəmilə Həsənova

ARTİ-nin Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin mütəxəssisi

İstifadə olunan mənbələr:

  1. https://www.academia.edu/30540527/Attention_Grabbers_Getting_Students_Attention_without_Shouting
  2. https://www.kellybear.com/teacherarticles/TeacherTip54.html
  3. https://kidsclubenglish.com/get-attention-classroom/