Astronomiya və Astrofizika Olimpiadasına hazırlıq dərsləri davam edir

Tarix: 01.08.2023
Paylaş:

XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlər üçün Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında hazırlıq düşərgəsi keçirilib.

Hazırlıq düşərgəsinin keçirilməsində əsas məqsəd Azərbaycan komandasının olimpiadaya hazırlıq prosesinin təkmilləşdirilməsi, iştirakçıların nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi, sürətli düşünmə və qərar vermə bacarıqlarının inkişaf etdirilməsidir.

İnteraktiv formada təşkil olunan dərslərdə şagirdlərə olimpiadalara effektiv hazırlaşma metodikası öyrədilib, fənn olimpiadalarının mövzularının asan qavranılması üçün sadə üsullarla izahlar və həll yolları göstərilib.

Dərslərlə yanaşı düşərgə iştirakçıları rəsədxananın teleskopları ilə tanış olublar, onlara teleskopların iş prinsipi, teleskoplarla aparılan elmi-tədqiqat işləri haqqında geniş məlumat verilib. Şagirdlər, həmçinin gecə müşahidələrində də iştirak ediblər.

Qeyd edək ki, XVI Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası 10-20 avqust 2023-cü il tarixlərində Polşada təşkil olunacaq.