Şirvan şəhərində qiymətləndirmə düşərgəsinə start verilib

Tarix: 09.08.2023
Paylaş:

Təhsil İnstitutunun və Şirvan – Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 9 avqust tarixində Şirvan şəhərində qiymətləndirmə düşərgəsinə start verilib. Düşərgənin təşkil edilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, bu istiqamətdə səriştəsaslı qiymətləndirmə vasitələri hazırlamaq üçün onlarda bilik və bacarıqları formalaşdırmaqdır.

Düşərgədə ümumilikdə 25 müəllim iştirak edib. Açılışda Şirvan – Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli regional idarənin fəaliyyəti barədə məlumat verməklə yanaşı Təhsil İnstitutu ilə əməkdaşlıqdan məmnunluğunu bildirib. Təhsil İnstitutunun direktor müavini Ülkər Babayeva da öz növbəsində Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarındakı iştirakı və bu qiymətləndirmələrin əhəmiyyətindən söz açıb.

Düşərgənin ilk günündə müəllimlər oxuyub-anlama üzrə nümunə mətn və tapşırıqlarla tanış olub. Əlavə olaraq, onlar qrup işlərinə cəlb olunmaqla mətn üzərindən səriştələrin təyininə dair fəaliyyətlərdə iştirak ediblər.

Qeyd edək ki, qiymətləndirmə düşərgəsi avqustun 11-dək davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.