Dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. 9-18 avqust tarixlərində təşkil olunan müsahibələrdə 4300 nəfər uğur qazanıb.
Qeyd edək ki, müsahibələrdə uğur qazanan namizədlər 29 avqust saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etmədirlər.
Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.
Çıxarışını təsdiq etməyən, müsahibə mərhələsində uğur qazandıqdan sonra tutduğu vakant yerdən imtina edən şəxslərin növbəti turlarda iştirakı təmin olunmayacaq.
Müsahibə mərhələsində uğur qazanmayan namizədlər 26 avqust saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq apellyasiyaya müraciət edə bilərlər. Apellyasiya müraciətlərinin qəbulu 28 avqust saat 11:00-da başa çatacaq.
Qeyd edək ki, müsahibələrin onlayn formatda təşkili nəzərdə tutulub. Bunun üçün namizədlər şəxsi səhifələrinə daxil olaraq müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər. Qeydiyyat zamanı elektron poçt ünvanını düzgün qeyd etməyən və elektron ərizəsini təsdiqləməyən namizədlərin apellyasiya müraciəti təmin olunmayacaq.
Nəzərinizə çatdırırıq ki, yaxın günlərdə onlayn apellyasiya müsahibələrinin keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.