Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyəti Bakıya təcrübə mübadiləsi səfəri edib

Tarix: 29.08.2023
Paylaş:

Tacikistan Respublikası Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Təhsil Akademiyasının A.Cami adına Təhsilin İnkişafı İnstitutu, Respublika Tədris-Metodiki Mərkəzi, Tacikistan Təhsil Akademiyasının Təhsilin İnkişafı İnstitutu və PISA layihə menecerlərindən ibarət 11 nəfərlik nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Təlim səfərinin əsas məqsədi PISA və digər beynəlxalq qiymətləndirmə tədqiqatları ilə bağlı Azərbaycanın bu sahədəki təcrübəsini öyrənməkdir.

Təlim səfəri cari ilin 28 avqust tarixində başlayıb 31 avqust tarixində yekunlaşacaqdır.

Tacikistan Respublikasının müxtəlif təhsil qurumlarını təmsil edən nümayəndə heyəti ilk olaraq elm və təhsil nazirinin müavini Həsən Həsənli tərəfindən qəbul edilib. Görüşdə ikitərəfli əməkdaşlıq və təcrübə mübadiləsi müzakirə olunub.

Səfərin 1-ci günündə ARTİ-nin direktoru Rüfət Əzizov beynəlxalq qiymətləndirmələrlə bağlı Azərbaycanın təcrübəsi haqqında geniş məlumat verərək beynəlxalq qiymətəndirmələrin milli təhsil islahatlarının formalaşdırılmasındakı rolundan bəhs edib. Təlimdə həmçinin Təshil İnstitutunun Peşə və ömürboyu təhsil şöbəsinin müdiri Səbinə Babayeva tərəfindən təhsil sisteminin strukturu haqqında fikir formalaşdırmaq məqsədilə Azərbaycanın Milli Kvalifikasiyalar Çərçivəsi haqqında qonaqlara təqdimat edilib.

Daha sonra görüşün ikinci hissəsi Təhsil İnstitutunda davam edib. Belə ki, ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov “Kurikulum təkmilləşdirilmələrində TIMSS və PISA çərçivə sənədlərinin diqqətə alınması” mövzusunda təqdimat edərək riyaziyyat, kimya, biologiya və coğrafiya fənlərinin kurikulumları ilə bağlı həyata keçirilən dəyişikliklərdən bəhs edib.

Növbəti təqdimat isə Təhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqovun “Dərslik siyasəti və yeni nəsil dərsliklərin hazırlanması qaydaları” mövzusunda keçirilib. Sonda Tacikistan nümayəndələri ilə təlim mövzuları ilə bağlı müzakirələr aparılıb, mövcud suallar cavablandırılıb.

Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində müxtəlif qurumlara səfərlərin həyata keçirilməsi planlaşdırılır.