Tacikistan Təhsil Nazirliyinin nümayəndə heyətinin təlim səfəri davam edir

Tarix: 31.08.2023
Paylaş:

Səfərin növbəti günü Bakı Dövlət Sənaye və İnnovasiya Peşə Təhsili Mərkəzində başlayıb. Qonaqlara peşə təhsili haqqında ümumi məlumat verildikdən sonra mərkəzdə tədris prosesi haqqında geniş təqdimat edilib. Təqdimatdan sonra qonaqlar emalatxanalar ilə tanış olublar.

Daha sonra Tacikistan təhsil nümayəndələri ardıcıl olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi və SABAH.HUB İnnovasiya Mərkəzində də qonaq olublar.

Təhsildə Keyfiyyət Təminatı Agentliyində baş tutan görüşdə Agentliyin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov fəaliyyət istiqamətləri haqqında məlumat verərək hazırda görülən işlərdən, ümumtəhsil müəssisələrində keyfiyyət monitorinqindən bəhs edib.

Təlim səfəri SABAH.HUB İnnovasiya Mərkəzində davam edib. Qeyd edək ki, mərkəzin icraçı direktoru Orxan Abbasov İnnovasiya Mərkəzi proqramlarının rəsmi tərəfdaşlarından, fəaliyyət müddəti ərzində həyata keçirilən akselerasiya proqramlarından danışıb.

Bundan əlavə Təhsil İnstitutunun əməkdaşları tərəfindən Tacikistan PISA komandasına qiymətləndirmə prosesi haqqında təlimlər təqdimatlarla davam edib.

ARTİ-nin Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin müdiri Şirin Məmmədov və şöbənin əməkdaşı Röyal Mahmudov “Nümunə seçmə və məlumatların idarə edilməsi”, PISA milli layihə meneceri Ülkər Zaidzadə isə “Azərbaycanda PISA”, “Tərcümə və uyğunlaşma”, eləcə də “OMEGA T” mövzularında təqdimatla çıxış ediblər.

Qeyd edək ki, 5 günlük təlim proqramı çərçivəsində müxtəlif qurumlara səfərlərin həyata keçirilməsi planlaşdırılır.