Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2023) məktəblilərimizin qazandığı uğur

Tarix: 04.09.2023
Paylaş:

Məktəblilərimiz Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2023) medal qazanıblar

28 avqust – 4 sentyabr 2023-cü il tarixlərində Macarıstanın Seged şəhərində 35-ci Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib. (https://ioi2023.hu/) Olimpiadanın 2 yarış günü ərzində şagirdlərə həll etmək üçün hər gün 3 alqoritmik məsələ olmaqla, 5 saat vaxt verilib.

87 ölkə və 351 məktəblilərin yarışdığı olimpiadada məktəblilərimiz uğurla çıxış edərək adlarını mükafatçılar siyahısına yazdırıb. Ölkəmizi təmsil edən şagirdlər yarışı 1 bürünc medal və 2 həvəsləndirici mükafat ilə başa vurub.

Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fuad Qarayev bürünc medal, Bakı şəhəri 245 nömrəli tam orta məktəbin XI sinif şagirdi Sahib Əliyev və Gəncə şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdi Fidan Hüseynova isə həvəsləndirici mükafat qazanıblar.

Qeyd edək ki, şagirdlərimiz 1994-cü ildən etibarən bu müsabiqədə iştirak edir. Builki nailiyyətlərlə birgə bu günədək sözügedən olimpiadadan ümumilikdə 1 gümüş, 11 bürünc medal əldə edilib.

İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” şirkətinin dəstəyi ilə həyata keçirilir.