Təhsil İnstitutu tərəfindən metodistlərin müsahibəsinə başlanılıb

Tarix: 06.09.2023
Paylaş:

Sentyabrın 4-dən Təhsil İnstitutunun (ARTİ) Metodik dəstək və peşəkar inkişaf mərkəzi (MDPİM) tərəfindən ümumi təhsil müəssisələrində metodik xidmət göstərəcək şəxslərin müsahibəsinə başlanılıb.

Elm və Təhsil Nazirliyinin Fəaliyyət Planındakı “3.1.2. Ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi. Ümumi təhsildə tədrisin keyfiyyətinin artırılması” bəndinə əsasən, müasir metodik xidmətin qurulması prosesi davam edir. Bu məqsədlə ümumi təhsil müəssisələrində metodik xidməti həyata keçirəcək peşəkar metodist hazırlığı aparılır.

Metodist hazırlığı üçün ARTİ MDPİM tərəfindən təşkil edilən müsabiqəyə əvvəlcə ölkənin müxtəlif regionlarından olan Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif müəllimlərinin elektron müraciətləri qəbul edilib. Müraciətlər əsasında tələblərə uyğun gələn namizədlər müsahibə mərhələsinə dəvət olunublar.

Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələrinin qabaqcıl müəllimlərinin dəvət edildiyi müsahibə mərhələsində təhsilverənlərin özünü və proqram üzrə mövzunu təqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarıqları dəyərləndirilir. Müsahibədən uğurla keçən namizədlərə metodika və pedaqogika ilə bağlı bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, növbəti günlərdə digər regional təhsil idarələrinin tabeliyində olan ümumi təhsil müəssisələri müəllimlərinin müsahibədə iştirakı planlaşdırılır.