İlin son qiymətləndirmə düşərgəsinə start verilib

Tarix: 07.09.2023
Paylaş:

Təhsil İnstitutunun və Abşeron – Xızı Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 6 sentyabr tarixində Sumqayıt şəhərində qiymətləndirmə düşərgəsinə start verilib. Düşərgənin təşkil edilməsində əsas məqsəd müəllimlərin beynəlxalq qiymətləndirmə tədqiqatları barədə məlumatlılığını artırmaq, bu istiqamətdə səriştə əsaslı qiymətləndirmə vasitələri hazırlamaq üçün onlarda bilik və bacarıqları formalaşdırmaqdır.

Düşərgədə ümumilikdə 22 müəllim iştirak edir. Açılışda ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri İlahə Tağıyeva Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarındakı iştirakı və bu qiymətləndirmələrin əhəmiyyətindən söz açıb. O, həmçinin düşərgə nəticəsində seçilmiş iştirakçılara qiymətləndirmə vasitələrinin hazırlanması istiqamətində davamlı təlimlərin keçirilməsi məsələsinə toxunub. Eyni şöbənin mütəxəssisi Fərid Hüseynov da öz növbəsində PISA və PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatları barədə təfsilatlı məlumat verərək iştirakçıların suallarını cavablandırıb.

Düşərgənin ilk günündə müəllimlər oxuyub-anlama üzrə nümunə mətn və tapşırıqlarla tanış olublar. Əlavə olaraq, onlar fərdi və qrup şəklində mətn üzərindən səriştələrin təyininə dair fəaliyyətlərdə iştirak ediblər.

Qeyd edək ki, cari ilin sayca 4-cü, yəni sonuncu qiymətləndirmə düşərgəsi sentyabrın 8-dək davam edəcək. Sonda iştirakçılara sertifikat təqdim ediləcək.