Təhsil İnstitutu “Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili” adlı metodik vəsait hazırlayıb

Tarix: 08.09.2023
Paylaş:

“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (2009) distant və ya məsafədən təhsil tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsilalma fоrması kimi öz əksini tapmışdır. O zamandan bəri bu təhsilalma formasının inkişaf etdirilməsi və istifadəsi üçün bir sıra təşəbbüslər edilsə də, Covid-19 pandemiyası Azərbaycanda məsafədən təhsil formasının geniş şəkildə tətbiq edilməsi üçün imkan yaratdı. Belə ki, 2020-ci ilin mart ayının 2-dən ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi qaydada tədris fəaliyyətinin dayandırılması distant təhsilalma formasına keçidi sürətləndirdi. 2021-ci ilin əvvəlindən ənənəvi təhsil formasına geri qayıdılsa da, məsafədən təhsilin Azərbaycanda istifadəsini davamlı etmək qarşıya qoyulan əsas hədəflərdəndir. Bu metodik vəsaitin də əsas məqsədi ali və orta ixtisas təhsili müəssisələrində çalışan pedaqoji heyətə öz fənlərini və yeni məzmunu gələcəkdə tədris etmələri üçün yol göstərmək və tövsiyələr verməkdir.

Ali və orta ixtisas təhsili müəssisələrinin pedaqoji heyəti üçün distant təhsilin təşkili ilə bağlı metodik vəsait ilkin olaraq distant təhsil haqqında məlumat verir, müəllimlərin hazırlıq səviyyələri, yəni onların distant təhsildə rolları, öhdəlikləri, sahib olmalı olduqları bacarıqları özündə əks etdirir. Vəsait həmçinin distant təhsil zamanı fənni necə dizayn etməli, təhsilalanlarıın fərdi ehtiyaclarını müəyyən etmək üçün nə etmək lazımdır, qiymətləndirmə necə aparılmalı və təşkil edilməli, tədris zamanı nə kimi öyrənmə fəaliyyətlərindən istifadə edilməli, təhsilalanlarla kommunikasiya necə qurulmalı və hansı platformalardan istifadə etməli suallarının cavablarını tapmaq üçün yol göstərir.

Ali və orta ixtisas təhsili müəssisələrində distant təhsilin təşkili