İbtidai sinif müəllimlərinin 3-cü forumu keçirilib

Tarix: 11.09.2023
Paylaş:

9 sentyabrda Heydər Əliyev Sarayında Azərbaycan Gənc Müəllimlər Assosiasiyası (AGMA), “ÇİNAR Yayımlari” və “Təhsil” nəşriyyatının təşkilatçılığı ilə “İbtidai sinif müəllimlərinin 3-cü forumu” keçirilib.

Yeni tədris ilində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Təhsil millətin gələcəyidir” mövzusunda keçirilən forumun məqsədi ümumrespublika səviyyəsində ibtidai sinif müəllimlərini bir araya toplamaq, onların əməkdaşlıq və təcrübə paylaşımı etməsinə, eyni zamanda elmdə müasir yanaşmalarla tanış olmalarına imkan yaratmaq olub.

Forumda rəsmi qonaqlarla yanaşı ölkəmizin müxtəlif bölgələrini təmsil edən 1870-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

“İbtidai sinif müəllimlərinin 3-cü təhsil forumu”nda iştirak edən Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təhsilverənlərin sertifikatlaşdırılması prosesindən danışıb. O, ilk dəfə olaraq ötən il ibtidai sinif müəllimlərinin sertifikatlaşdırılmasının həyata keçirildiyini və müəllimlərin 80 faizinin bu prosesdən uğurla keçdiyini vurğulayıb. R.Əzizov qeyd edib ki, prosesdə uğurlu nəticə göstərməyən müəllimlər üçün təlimlər təşkil edilib və müəllimlərin böyük əksəriyyəti təkrar sertifikatlaşdırma prosesindən uğurla keçib.

Qeyd edək ki, bu forum vasitəsi ilə müəllimlər təhsil sahəsində daha böyük nailiyyətlərə nail olmaq və təhsilin keyfiyyətini yüksəltmək üçün bir araya gəliblər. Forumda iştirak edən bütün müəllimlərə uğurlar və təhsil sahəsində daha böyük nailiyyətlər arzu edirik!