“Təbiət-6” dərslik komplekti ilə bağlı ən çox verilən suallar

Tarix: 20.09.2023
Paylaş:

Təhsil İnstitutunun təşkilatçılığı ilə hazırlanan VI siniflər üçün “Təbiət” dərslik komplekti 2023-2024-cü tədris ilində kütləvi tətbiqə qəbul olunub.

Dərslik komplekti ilə bağlı ən çox soruşulan suallar və onların cavablarını təqdim edirik.

6-cı siniflərdə fizika və biologiya fənləri ləğv olunub?

Xeyr. 2022-2023-cü tədris ilindən ümumi təhsil müəssisələrinin 5 və 6-cı siniflərində təbiət fənni tədris olunur. Təbiət fənni üzrə dərslik komplekti inteqrativ formatda, biologiya, kimya, fizika və yer elmlərinə (coğrafiya) dair ilkin anlayışların mənimsədilməsi və sadə praktiki tətbiq bacarıqlarının formalaşdırılmasına əsaslanaraq yazılmışdır.

Təbiət fənninin şagirdlərə nə faydası olacaq?

Dərslik komplektinin fərqləndirici xüsusiyyəti məzmunun öyrədilməsində aktiv təlim üsulu olaraq tədqiqata əsaslanan tədris metodundan istifadə olunmasıdır. Tədqiqata əsaslanan təlim metodunun məqsədi şagirdlərin təbii maraq hissini daha da inkişaf etdirmək və onlara məzmunla bərabər, elmi məlumatları müstəqil əldə edə bilmək bacarıqları aşılamaqdır. Bu zaman şagirdlər hazır bilikləri didaktik üsulla öyrənmək əvəzinə, sadə praktik araşdırmalar əsasında qazanılan bilik və bacarıqların mənimsənilməsində passiv deyil, aktiv iştirakçı olurlar.

Dərslikdəki təcrübələr laboratoriya otaqları olmadan keçirilə bilər?

Dərslikdə verilən fəaliyyətlər təkcə xüsusi laboratoriya otaqlarında deyil, sinif şəraitində də aparılması mümkün olan təcrübələrdir.

İş dəftərlərinin dərslik komplektində rolu nədən ibarətdir?

Təbiət fənni üzrə dərslik komplektinə daxil olan iş dəftəri mənimsənilməsi nəzərdə tutulan biliklərin möhkəmləndirilməsinə, beynəlxalq imtahanlarda istifadə olunan sual tipləri ilə tanışlığa və şagirdlərin öyrəndiklərini tətbiqetmə bacarıqlarının formalaşdırılmasına xidmət edir.

Yuxarı siniflərdə də təbiət fənni tədris olunacaq?

Təbiət fənninin tədrisi yalnız ümumi təhsil müəssisələrinin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulub. Tədris prosesində davamlılığın qorunması məqsədilə növbəti siniflər (7, 8 və 9-cu siniflər) üçün biologiya, kimya, fizika və coğrafiya fənləri üzrə yeni dərsliklər hazırlanır.