Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasına (IJSO 2023) seçmə imtahanın I mərhələsi təşkil olunub

Tarix: 21.09.2023
Paylaş:

17 sentyabr 2023-cü ildə Bakı şəhəri, S.C.Pişəvəri adına humanitar fənlər gimnaziyasında Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadasına (IJSO 2023) seçmə imtahanının I mərhələsi təşkil olunub. 3 saat davam edən imtahanda 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarının qalib və finalçıları (7 fənn üzrə), həmçinin Bakı Elm Olimpiadasının qalibləri iştirak edib. Təxminən 160 nəfərə yaxın şagird kimya, fizika və biologiya fənləri üzrə biliklərini yoxlayıb.

Birinci mərhələnin nəticələrinə əsasən seçilən şagirdlərlə intensiv dərslərə başlanılacaq. Daha sonra seçmə imtahanının II mərhələsi təşkil olunacaq ki, bununla da 6 nəfərlik komanda müəyyən ediləcək. Kimya, fizika və biologiya fənləri üzrə keçirilməsi planlaşdırılan Yeniyetmələrin 20-ci Beynəlxalq Elm Olimpiadası Tailandın Banqkok şəhərində təşkil olunacaq.
Olimpiadanın keçirilməsində əsas məqsəd müxtəlif ölkələrdən olan şagirdlərin kimya, fizika, biologiya fənləri üzrə istedadını müəyyən etmək, onlarda elmə marağı təşviq etmək, tənqidi düşünmə bacarığını aşkara çıxarmaqdır.

Qeyd edək ki, I mərhələnin nəticələri ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: IJSO 2023 – nəticələr